Rəşid Behbudovun anadan olmasının 100 illiyi qeyd edilib

Rəşid Behbudovun anadan olmasının 100 illiyi qeyd edilib Əbülfəs Qarayev mərhum sənətkarın sənətindən və Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib
İncəsənət
14 Dekabr , 2016 21:10
Rəşid Behbudovun anadan olmasının 100 illiyi qeyd edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında dünya şöhrətli estrada və opera müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyi qeyd olunub.

"Report" xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq sərəncama əsasən təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mərhum sənətkarın sənətindən və Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib.

Qeyd edək ki, böyük vokal və musiqi-səhnə ustalığına malik olan Rəşid Behbudovun Azərbaycanda opera sənətinin inkişafında əhəmiyyətli rolu olub. O, milli kinematoqrafiyada dərin izlər buraxıb, "Arşın mal alan" kinokomediyasında ifa etdiyi Əsgər roluna görə dünya şöhrəti qazanaraq "Stalin mükafatı"na layiq görülüb. R.Behbudov həmçinin "Bəxtiyar" filmində, "1001-ci qastrol", "Doğma xalqımıza", "Toyda görüş", "Abşeron ritmləri" film-konsertlərində və bir çox sənədli filmlərdə çəkilib.

R.Behbudov SSRİ-də ilk dəfə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb. O, 1946-cı ildə SSRİ dövlət mükafatı laureatı, 1959-cu ildə SSRİ xalq artisti, 1978-ci ildə Azərbaycan SSR-in dövlət mükafatı laureatı, 1980-cı ildə sosialist əməyi qəhrəmanı və "Lenin" ordeni kimi fəxri ad və titullara layiq görülüb.

Son xəbərlər

Orphus sistemi