Rejissor Tariyel Vəliyevin xatirə gecəsi keçirilib

Rejissor Tariyel Vəliyevin xatirə gecəsi keçirilib Dövlət Film Fondunun foyesində Tariyel Vəliyevin həyat və sənət yolunu əks etdirən fotosərgi təqdim edilib
İncəsənət
24 Fevral , 2016 20:51
Rejissor Tariyel Vəliyevin xatirə gecəsi keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Dövlət Film Fondunda tanınmış televiziya rejissoru, əməkdar incəsənət xadimi, mərhum Tariyel Vəliyevin xatirə gecəsi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilib.

"Report" xəbər verir ki, Dövlət Film Fondunun foyesində Tariyel Vəliyevin həyat və sənət yolunu əks etdirən fotosərgi təqdim edilib. Tanınmış rejissor haqqında çəkilmiş videoçarxın nümayiş etdirilməsiylə öz işinə başlayan tədbirdə xalq artisti İlham Namiq Kamal, əməkdar artist Azad Şükürov, əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğlu, kinoşünas Aydın Kazımzadə, operator Kənan Məmmədov və başqaları iştirak ediblər.

Tədbirdə televiziya rejissoru Məhərrəm Bədirzadə dostu haqqında xatirələrini bölüşüb.

Xatırladaq ki, Tariyel Vəliyev 1944-cü il fevralın 24-də anadan olub. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında alıb.

1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirib.

Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram""Bağışla""Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel" və s. televiziya tamaşalarının rejissoru olub.

Tariyel Vəliyev 2012-ci il aprelin 24-də 68 yaşında Bakıda dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi