"Rejissor işi haqqında" kitab təqdim edilib

"Rejissor işi haqqında" kitab təqdim edilib Teatr Xadimləri İttifaqı köhnə nəşri latın əlifbası ilə çap etdirib
İncəsənət
27 Fevral , 2015 20:58
Rejissor işi haqqında kitab təqdim edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqı görkəmli teatr rejissorları, əməkdar incəsənət xadimləri Mehdi Məmmədov və Zəfər Nemətovun "Rejissor işi haqqında" kitabını yeni tərtibatda və latın əlifbası ilə nəşr etdirib. Bu gün TXİ-də kitabın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, "Rejissor işi haqqında" kitabı yeni redaktədə Çingiz Ələsgərli nəşrə hazırlayıb. Nəşrin redaktoru Kəmalə Cəfərzadədir. Kitabın ön söz müəllifi TXİ-nin sədri, əməkdar incəsənət xadimi Azərpaşa Nemətdir.

Təqdimat mərasimini TXİ-nin sədri Azərpaşa Nemət açaraq bildirib: "Bu əsər ilk müəllimlərimdən olmuş iki doğma və əziz insanın - atam Zəfər Nemətovun və atamın ən yaxın dostu Mehdi Məmmədovun birlikdə yazdıqları qiymətli sənət nümunəsidir. Həm də bu kitab Azərbaycanda rejissorlar üçün yazılan ilk dərslik-kitabdır".

Yeni nəşrin təqdimat mərasimində xalq artisti Hacı İsmayılov, Canəli Əkbərov, İlham Namiq Kamal, əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov, Ağakişi Kazımov çıxış ediblər.

Tədbirdə xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Fərəh Əliyeva, xalq artisti Azər Zeynalov, Arif Quliyev, əməkdar artist Kübra Əliyeva, Azad Şükürov, Rus Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, kitab "Teatr və rejissor", "Tamaşaların hazırlanması", "Mətn üzərində aparılan iş", "Aktyor heyəti ilə aparılan iş", "Stol arxasında aparılan iş", "Qurama dekorlarda aparılan iş", "Səhnədə aparılan iş" , "Kompozisiya işi", "Tamaşanın səhnə və musiqi tərtibatı" bölmələrindən ibarətdir.

Xatırladaq ki, "Rejissor işi haqqında" kitab 1956-cı ildə yazılıb. Teatr sahəsində çalışan sənət adamlarının stolüstü kitabı olan nəşrdə rejissor və aktyorların hazırlanması, teatrın səhnə və musiqi tərtibatı, teatrın daxili qayda-qanunları bir sözlə teatr barəsində hər xırda detala toxunulub. Kitab ADMİU-nun teatr və kino fakultəsində təhsil alan tələbələr üçün dərslik vasitəsidir.

Son xəbərlər

Orphus sistemi