Rejissor Hafiz Fətullayev vəfat edib

Rejissor Hafiz Fətullayev vəfat edib Mərhum yanvarın 20-də torpağa tapşırılıb
İncəsənət
21 Yanvar , 2015 10:11
Rejissor Hafiz Fətullayev vəfat edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış rejissor, aktyor və ssenarist Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə "Report"a "Sönməyən ulduzlar" Teatrının rəhbəri Rafiq Kaşanlı məlumat verib.

Mərhumun cənazəsi dünən Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Rafiq Kaşanlı bildirib ki, dəfn xərclərini rejissorun oğlu ödəyib. Dəfn mərasimində "Sönməyən ulduzlar" Teatrının kollektivindən başqa heç kim iştirak etməyib.

Qeyd edək ki, son vaxtlar Hafiz Fətullayevin səhhəti kəskin pisləşmişdi. 

Xatırladaq ki, Hafiz Fətullayev 1944-cü ildə Bakıda anadan olub. O, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərib. "Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.

Mərhum rejissor son illər "Sönməyən ulduzlar" Teatrında çalışırdı.

Hafiz Fətullayev görkəmli teatr rəssamı Nüsrət Fətullayev və aktyor Fateh Fətullayevin qardaşı oğlu, mərhum aktrisa Vəfa Fətullayevanın əmisi oğludur.

Son xəbərlər

Orphus sistemi