Rafiq Hüseynov dəfn olunub - YENİLƏNİB-2

Rafiq Hüseynov dəfn olunub - YENİLƏNİB-2 Xalq artisti Yasamal qəbiristanlığında torpağa tapşırılıb
İncəsənət
3 Noyabr , 2017 13:03
Rafiq Hüseynov dəfn olunub - YENİLƏNİB-2
Report

Bakı. 3 noyabr. REPORT.AZ/ Xalq artisti, məşhur diktor Rafiq Hüseynov dəfn olunub.

"Report"un xəbərinə görə, xalq artisti Yasamal qəbiristanlığında torpağa tapşırılıb.


*** 12:02

Bakı. 3 noyabr. REPORT.AZ/ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi başa çatıb.

"Report"un xəbərinə görə, teatrşünas İlham Rəhimli çıxışında Rafiq Hüseynovun qısa müddətdə Azərbaycan televiziyasının tanınmış simasına çevrildiyini bildirib. 

Onun sözlərinə görə, Azərbaycan dilinin bu səviyyəyə çatmasında AzTV-nin böyük önəmi olub: "Rafiq bütün notlarda danışmağı bacarırdı. Onun dostu çox olub. O, adi işıqçıdan sədr müavini vəzifəsinə qədər yüksələ bilib. R.Hüseynov efirdən uzaqlaşsa da, Arif Alışanovun təkidi ilə yenidən AzTV-yə qayıtdı. O, Azərbaycan televiziya mədəniyyətinin bünövrəsini elə qoyub ki, bu gün də həmin ənənə davam edir".

Xalq artisti, rejissor Ramiz Həsənov mərhumun itedadı və məhəbbəti ilə tamaşaçıların sevgisini qazana bildiyini qeyd edib: "Darıxırdı ki, yeni nəsil onu tanımır. Amma unudurdu ki, hər kəsin qəlbində unudulmaz yer buraxmışdı".

Xalq artisti Əli Məmmədov deyib ki, R.Hüseynovun onun həyatında rolu danılmazdır: "O, məndən yaşca kiçik olsa da, hər zaman böyüyüm hesab edirdim. Fəxrlə deyirdi ki, Əli mənim tapıntımdır". 

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli vurğulayıb ki, dost itirəndə ürəkdən bir parça da gedir: "Mən Rafiq Hüseynovun timsalında böyük dostumu itirdim. Rafiq son dərəcə professional şəxsiyyət idi. Müslüm Maqomayev hansı dərəcədə populyar idisə, Rafiq də eyni dərəcədə məşhur idi. Moskvanın ən məşhur diktorları deyirdilər ki, sizin Rafiq Hüseynov kimi böyük diktorunuz var. Heyif ki, onun qədrini bilmədik. Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdılar. Çox heyfslənirəm ki, biz bəzən böyük insanlara soyuq münasibət bəsləyirik. Çox heyf, belə bir böyük insanı itirdik". 

Xalq artisti Yasamal qəbiristanlığında dəfn olunacaq.


*** 10:00

Bakı. 3 noyabr. REPORT.AZ/ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi başlayıb.

“Report”un məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, məşhur diktorlar Ofeliya Sənani, Şərqiyyə Hüseynova, Nərgiz Cəlilova, ictimaiyyət nümayəndələri iştirak edir. 

Rafiq Hüseynovun yas mərasim Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, uzun illər ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərindəki xəstəxanalardan birində vəfat edib. 

Son xəbərlər

Orphus sistemi