Yuxarı

"Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi İsraildə nümayiş etdiriləcək

Filmin rejissoru Oqtay Mir-Qasım avqustun 18-də Tel-Əvivə gedir

Bakı. 13 iyul. REPORT.AZ/ Kinorejissor, xalq artisti Oqtay Mir-Qasımın "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filmi "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə avqustun 18-də Tel-Əviv şəhərində nümayiş etdiriləcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Nümayişdə iştirak etmək üçün rejissor İsrailə səfər edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınan ekran əsərinin premyerası 2014-cü ilin fevralında keçirilib.

Film XIX əsrin əvvəllərindən ölkədə məskən salmış almanların 1941-ci ildə Orta Asiyaya deportasiya olunmasından bəhs edir. 1819-cu ildə Vürtemberq krallığından (Almaniyanın indiki Baden-Vürtemberq əyaləti) gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoyurlar. Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar. 1941-ci ildə Azərbaycanda yaşayan 20 minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.
Kinolentdə o dövrün hadisələri ilə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.
Filmin ssenari müəllifi Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail). Rollarda Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcü aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi