Qırğızıstanda "Diva dell Opera" beynəlxalq opera layihəsi həyata keçirilib

Qırğızıstanda "Diva dell Opera" beynəlxalq opera layihəsi həyata keçirilib Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev layihədə iştirak edib
İncəsənət
29 Aprel , 2016 09:49
Qırğızıstanda Diva dell Opera beynəlxalq opera layihəsi həyata keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ T.Satılqanov adına Qırğızıstan Akademik Milli Filarmoniyasının Böyük zalında "Diva dell Opera" adlı beynəlxalq opera layihəsi həyata keçirilib. 

Bu barədə "Report"a Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev məlumat verib.

Layihədə Rusiya, Qırğızıstan və Azərbaycanın tanınmış musiqiçiləri iştirak ediblər. Konsert Qırğızıstan prezidentinin bilavasitə dəstəyi ilə keçirilən və 2016-cı ildə elan olunan "Mədəniyyət ili" üzrə Dövlət proqramına daxil edilib. Layihə eyni zamanda Qırğızıstan Mədəniyyət Nazirliyi, "Boobek" Beynəlxalq Fondu, T.Satılqanov adına Dövlət Filarmoniyası və A.Maldıbayev adına Akademik Milli Opera və Balet Teatrının təşkilati dəstəyi ilə baş tutub.

Konsertdə Rusiyanın Böyük Teatrının və "Noyava Opera" teatrının solisti, Rusiyanın nüfuzlu teatr mükafatı olan "Qızıl maska"nın qalibi və beynəlxalq müsabiqələr laureatı Aleksey Tatarintsev (tenor, Rusiya), Qırğızıstan Dövlət Filarmoniyasının solisti, beynəlxalq müsabiqələr laureatı Elnura Samarbekova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev iştirak edib.

Konsertdə A.Jumakmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestri, A.Maldıbayev adına Akademik Opera Teatrının xoru və azərbaycanlı dirijor Əyyub Quliyevin ifasında dünya klassik opera nümunələri - C.Verdi, C.Puccini, P.Maskanyi, A.Dvorjakın əsərləri ilə bərabər, L.Delib, F.Leqar, L.Arditi, M.Lara, A.Maldabasanov və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səsləndirilib.

Konsertdə Qırğızıstanın birinci xanımı Raisa Atambayeva və ölkənin tanınmış və nüfuzlu ictimai xadimləri iştirak ediblər. 

Opera gecəsi Qırğızıstan dövlət televiziyası, "5-ci kanal" və yerli KİV tərəfindən geniş şəkildə işıqlandırılıb. Konsertdə, həmçinin Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi