Yuxarı
    Bağlamaq

    Qətərdə Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək

    Festivalda Azərbaycanı “Vulkanın nəfəsi” sənədli filmi təmsil edəcək

    Bakı. 24 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında çəkilmiş “Vulkanın nəfəsi” sənədli filmi Qətərin Doha şəhərində keçiriləcək əl-Cəzirə Beynəlxalq Sənədli Filmlər Festivalının müsabiqə proqramına dəvət alıb.

    “Report” xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

    Festival noyabrın 26-dan 29-dək keçiriləcək. Nümayiş etdiriləcək 23 dəqiqəlik film Azərbaycandakı palçıq vulkanlarından bəhs edir. Yer üzərindəki 2000 palçıq vulkanından 400-ə yaxını Azərbaycan ərazisindədir. Palçıq vulkanlarının dünyada ən çox cəmləşdiyi yer məhz Azərbaycandır. Palçıq vulkanları Azərbaycanın milli sərvəti kimi dəyərləndirilir və xüsusi mühafizə olunan ərazilər siyahısındadır.

    “Vulkanın nəfəsi” sənədli filmi Azərbaycandakı palçıq vulkanlarının sirli aləminə səyahət edir. Filmin rejissoru Adil Azay, ssenari müəllifi Tofiq İsmayılov, operatoru Yuriy Varnovskiy, prodüseri Fariz Əhmədovdur.

    Qeyd edək ki, festivalda filmin rejissoru Adil Azay iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi