Qəmər Almaszadə haqqında kitabın təqdimatı olub

Qəmər Almaszadə haqqında kitabın təqdimatı olub Teatr Xadimləri İttifaqı kitabı Qəmər Almaszadənin 100 illik yubileyinə həsr edib
İncəsənət
30 Aprel , 2015 18:54
Qəmər Almaszadə haqqında kitabın təqdimatı olub

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında SSRİ xalq artisti, Azərbaycanın ilk qadın balerinası, milli balet məktəbinin yaradıcılarından biri Qəmər Almaszadənin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ömrün səhifələri" silsiləsindən növbəti kitabın təqdimat mərasimi keçirilib. 

"Report" xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın görkəmli incəsənət xadimləri, balet ustaları iştirak edib.

Teatr Xadimləri İttifaqının sədri, əməkdar incəsənət xadimi Azərpaşa Nemət deyib ki, Qəmər Almaszadənin Azərbaycan balet sənətinin inkişafında, təkmilləşməsində gördüyü işlər danilmazdır. A.Nemət Qəmər Almaszadənin Şərq mədəniyyətinin parlaq ulduzu, Azərbaycanda balet sənətinin əsasını qoymuş, ilk balerina olmasından və səhnədə yaratdığı saysız-hesabsız obrazlarından mərasim iştirakçılarına məlumat verib.

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Qəmər Almaszadənin həm bir insan, həm də sənətkar kimi tələbkar olmasından danışıb. Balerinaların ağır sənət həyatından danışan Fərhad Bədəlbəyli Qəmər Almaszadənin ailədə də səliqəli, bacarıqlı xanım olmasından, gözəl süfrə açmaq qabiliyyətindən söz açıb.

Qeyd edək ki, Qəmər Almaszadə Fərhad Bədəlbəylinin əmisi, görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin xanımı olub. Ə.Bədəlbəyli xüsusi olaraq Qəmər xanım üçün Azərbaycanın ilk baleti olan "Qız qalası" baletini yazıb və baş rolda Q.Almaszadə çıxış edib. Tədbirdə "Qız qalası" baletindən fraqmentlər də nümayiş edilib.

Q.Almaszadənin sənət yolundan musiqişünas alim Zemfira Qafarova, xalq artisti, balet ustası Rəfiqə Axundova, Yuliana Əlikişizadə, rejissor Ağakişi Kazımov və başqaları danışıb.

Qeyd edək ki, "Ömrün səhifələri" silsiləsindən Qəmər Almaszadəyə həsr edilən kitab Teatr Xadimləri İttifaqının xüsusi nəşridir. Kitabın müəllifi Aidə Qafarova və Elmira Kərimova, redaktoru əməkdar incəsənət xadimi Zemfira Qafarovadır. Kitab 3 dildə nəşr edilib. Rus və ingilis dillərinə tərcüməni Tərlan Rəsulzadə edib, ingilis dilində mətnin redaktoru Lalə Məmmədovadır.

"Ömrün səhifələri" nəşrinin ön söz müəllifi xalq artisti, professor Azərpaşa Nemətdir.  

Son xəbərlər

Orphus sistemi