Qədir Rüstəmovun 80 illik yubileyi münasibətilə konsert olub

Qədir Rüstəmovun 80 illik yubileyi münasibətilə konsert olub Mustafa Çəmənli: "Qədir Rüstəmov bənzərsiz ifası ilə fərqlənib"
İncəsənət
15 Dekabr , 2015 20:19
Qədir Rüstəmovun 80 illik yubileyi münasibətilə konsert olub

Bakı. 15 dekabr. REPORT.AZ/ Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, xalq artisti Qədir Rüstəmovun 80 yaşı tamam olub.

"Report" xəbər verir ki, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində yubiley konserti nümayiş etdirilib. Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, Xan Şuşinskinin aile üzvləri, xalq artistləri - Mənsum İbrahimov, Canəli Əkbərov, millət vəkili Aqil Abbas iştirak edib.

Tədbir mərhum Qədir Rüstəmovun ifasında "Sona bülbüllər" mahnısı ilə başlayıb. Konsert proqramının aparıcısı, yazıçı-publisist Mustafa Çəmənli Qədir Rüstəmovun keçdiyi ömür yoluna nəzər salıb: "Qədir Rüstəmovun ailəsində sənətçi olmasa da, ancaq gözəl səsi olanlar çox olub. Mərhum özünəməxsus adam idi. Xarakteri etibarilə heç kimə boyun əyməyən, söz götürməyən mərd adam idi. Qədir Rüstəmov bənzərsiz ifası ilə fərqlənib. Onun ifasını Xan Şuşinski bəyənib, qiymət verib və Qədir Rüstəmovun səsini Cabbar Qaryağdıoğlunun səsinə bənzədib". 

Daha sonra konsert proqramı başlayıb, xalq artisti Nəzakət Teymurova, gənc xanəndələr - Eldəniz Məmmədov, Mustafa Mustafayev, Kamilə Nəbiyeva çıxış ediblər. 

Xatırladaq ki, Qədir Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs imkanlarını nümayiş etdirməyi bacarıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakıda torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi