Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək Qaliblərə Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və Milli Kulinariya Mərkəzinin mükafatları təqdim ediləcək
İncəsənət
4 Avqust , 2015 16:46
Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Bakı. 4 avqust. REPORT.AZ/ Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.

Bu barədə "Report"a Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova məlumat verib.

Onun sözlərinə görə, avqustun 29-da keçiriləcək üçüncü Qəbələ Mürəbbə Festivalı beynəlxalq status alıb. C.Əsgərova deyib ki, festivalda Azərbaycanın 23 rayonu iştirak edəcək: "Bundan başqa, festivalın beynəlxalq status alması bir neçə ölkənin nümayəndələrinin Qəbələyə gəlməsinə səbəb olacaq. Festivalda Rusiya Federasiyasının Saxa-Yakutiya Muxtar Respublikasının Kulinariya Assosiasiyasının və Cuvaşiya Kulinariya Assosiasiyasının rəhbərləri, Gürcüstan, Qırğızıstan, Ukrayna və başqa ölkələrin təmsilçiləri iştirak edəcəklər. Festival Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında baş tutacaq. Tədbirdə YUNESKO-nun Dünya Xalq Təşkilatının prezidenti Karmen De Padilla iştirak edəcək". 

Direktor müavini bildirib ki, festivalda səkkiz növ mürəbbə və ekstra mürəbbə növləri sərgilənəcək. Ekstra növlərinə zeytun, şabalıd, bənövşə, badımcan, pomidor mürəbbələri daxil edilib. Mürəbbələr bişirilmə texnologiyası, dadı, rəngi və zahiri görünüşünə görə fərqləndiriləcək. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və Milli Kulinariya Mərkəzinin mükafatları təqdim ediləcək.

Xatırladaq ki, III Qəbələ Beynəlxalq Mürəbbə Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Assosiasiyası, Milli Kulinariya Mərkəzi və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək.

Festival Qəbələdə yerləşən "Qafqaz Karvansaray Oteli"ndə baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi