Qalina Dmitrukun “Gecə nağılları” adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirilib

Qalina Dmitrukun “Gecə nağılları” adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirilib Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib
İncəsənət
14 May , 2016 16:24
Qalina Dmitrukun “Gecə nağılları” adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirilib

Bakı. 14 may. REPORT.AZ/ Muzey Mərkəzində Belarusun tanınmış kukla ustası Qalina Dmitrukun “Gecə nağılları” adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, sərgi “Kukla” Art Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə həyata keçib.

“Kukla” Art Qalereyasının rəhbəri Lalə Kazımova çıxışında bildirib ki, sərginin açılışı çox önəmli bir günə təsadüf edir: "Çünki, düz 3 il əvvəl Bakıda ilk dəfə “Kukla” Art Qalereyası fəaliyyətə başlayıb. Bakıda keçirilən beynəlxalq kukla biennalesinin daimi iştirakçısı olan müəllif ölkəmizin paytaxtında keçirilən ilk fərdi sərgisi üçün “Gecə nağılları” adlı xüsusi layihə hazırlayıb. Şəhərimizin sənətsevərləri Qalinanın əsərləri ilə yaxından tanışdırlar. Çünki bu, onun şəhərimizə ilk səfəri deyil. O, Bakıya vurğun insandır. Bizim qadınlar onu ilhamlandırıb və bu gün sərgilənən əsərlər məhz Bakı üçün hazırlanıb. Əsərlər fərqli üslubda işlənib. Hər kuklanın hazırlanmasına 3-4 ay sərf edilir və sərgidə 9 kukla nümayiş olunur. İnanıram ki, həm şəhərimizin qonaqları, həm də sakinlərimiz sərgini bəyənəcəklər".

Bakını çox sevdiyini deyən müəllif əl işlərini sənətsevər şəhərdə təqdim etməkdən məmnun olduğunu vurğulayıb.

Sonra 9 əl işindən ibarət əsrarəngiz kuklalardan ibarət sərgi nümayiş olunub.

Qeyd edək ki, Qalina Dmitrukun işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiya və İspaniyada bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib. Onun kuklaları Belarusda hər zaman səbirsizliklə gözlənilir, çünki müəllif öz işlərini doğma vətənində olduqca nadir hallarda sərgiləyir. Belə ki, əl işlərinin demək olar hamısı dünyanın dörd tərəfinə səpələnib və hazırda İsveçrə, Almaniya, Çexiya, ABŞ, Rusiya, Ukrayna, Belçika, İspaniya, Azərbaycan və digər ölkələrdə əsl incəsənət bilicilərinin şəxsi kolleksiyalarında yer alır.

Sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər.

Sərgi mayın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi