"Qaçaq qocalar" Türkiyədən mükafatla qayıdıb

"Qaçaq qocalar" Türkiyədən mükafatla qayıdıb Teatr Xadimləri İttifaqında hazırlanan tamaşa Türkiyədə 10 gün ərzində 6 dəfə numayiş etdirilib
İncəsənət
8 Fevral , 2016 19:51
Qaçaq qocalar Türkiyədən mükafatla qayıdıb

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqının "Rejissor" laboratoriyasında hazırlanan və Mustafa Mərdanov səhnəsində nümayiş etdirilən yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Qaçaq qocalar" tamaşası Türkiyədə keçirilən Teatr Festivalından uğurla qayıdıb.

Bu barədə "Report"a TXİ-nın yaradıcılıq üzrə sədr müavini, xalq artisti Hacı İsmayılov məlumat verib.

Hacı İsmayılov "Qaçaq qocalar" tamaşasının 10 gün ərzində 6 dəfə nümayiş etdirildiyini deyib:

"Elçin Hüseynbəylinin "Qaçaq qocalar" əsəri əsasında rejissor, əməkdar artist Nofəl Vəliyevin hazırladığı eyniadlı tamaşa ilə Türkiyənin Bursa şəhərində keçirilən "Tiyatro günləri" və Antalya Böyük Şəhər Tiyatrosunun təşkil etdiyi "Konuk Tiyatro" festivalında iştirak etdik. Səfərimiz yüksək səviyyədə keçdi.Tamaşanın yaradıcı heyəti Türkiyədə uğur qazandı. Bizim tamaşamızı yaxşı qarşıladılar. Bursada tamaşanı iki dəfə nümayiş etdirdik. Bursadan sonra "Qaçaq qocalar" tamaşası Antalyada nümayiş etdirildi. Antalyada tamaşamızı Bursadan da yaxşı qarşıladılar. Festivalın bağlanışı bizim tamaşamızla oldu. Hər tamaşadan əvvəl türk tamaşaçılarına tamaşamız barədə məlumat verirdim. Elə sözlər, ifadələr var ki, onlar başa düşmürlər. Bunu onlara çatdırmaq məsuliyyəti də mənim üzərimə düşmüşdü. Tamaşamız Türkiyədən mükafatla qayıdıb. Bu, Teatr Xadimləri İttifaqının növbəti uğurudur."

Xatırladaq ki, "Qaçaq qocalar" tamaşası Qarabağ müharibəsindən, Xocalı hadisəsindən bəhs edir. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyevdir. Tamaşada Kərəm Hadızadə, Bəhruz Əhmədli, Məsumə Babayeva çıxış edir.

Qeyd edək ki, fevralın 15-də saat 12.00-də TXİ-da "Qaçaq qocalar" tamaşasının Türkiyə səfəri və iştirak etdiyi festivallara həsr olunmuş mətbuat konfransı keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi