Peşəkar kaskadyor "Action Academy" yaradıb

Peşəkar kaskadyor "Action Academy" yaradıb Sain Fərhad Fərmanlının Akademiya yaratmaq məqsədi döyüş növlərinin təbliği, aktyorların döyüş səhnələri üçün hazırlanmasıdır
İncəsənət
26 Aprel , 2016 19:55
Peşəkar kaskadyor Action Academy yaradıb

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, peşəkar idmançı, aktyor Sain Fərhad Fərmanlı "Action Academy" yaradıb. Bu barədə "Report"a Sain Fərmanlı açıqlama verib.

O deyib ki, bunda məqsəd film industriyasında "Action" janrının inkişafı, döyüş növlərinin təbliği, aktyorların döyüş səhnələri üçün hazırlanması, döyüş səhnələrinin xoreoqrafiyası, kaskadyorluq, fitness və idmanın təbliğidir: "Akademiya vasitəsilə idmançılarda döyüşçü ruhunun, xarakterin, intellektin, psixologiyanın, fəlsəfənin və mədəniyyətin formalaşmasına xidmət göstərəcəyik. Azərbaycanda ilk dəfədir incəsənət, idman və biliyi özündə cəmləşdirən Akademiya fəaliyyətə başlayıb. Akademiya hal hazırda virtual olaraq cəmiyyətin sağlam həyat tərzinə, incəsənətə və əsasən də filmlərə aid olan "Action" janrına marağının artması üçün təbliğat aparır. Akademiyanın məqsədi Azərbaycanda döyüş növlərinin və ümumiyyətlə idmanın filmlərdə gətiriliməsi və Azərbaycan kino aləmində döyüş janrında çəkiləcək filmlərdə iştirak etməsi və mütəxəssislərin hazırlanmasıdır. Bu səbəbdən Akedemiyanın təlimatçıları ildə bir neçə dəfə seminar, ustad dərsləri və vorkşoplar təşkil etməyi planlaşdırır. Sadalanan tədbirlər döyüş səhnələrinin xoreoqrafiyası, döyüş aktyorluğu, idman, fitness və müxtəlif döyüş növləri üzrə mütəxəssislərin hazırlanmasına xidmət edəcək. Bundan əlavə, mütəmadi olaraq mühazirələrin və forumların təşkil olunması da nəzərdə tutulub". 

Peşəkar idmançı, kaskadyor olan Sain Fərhad Fərmanlı yeni yaratdığı Akademiyanın beynəlxalq səviyyədə fəaliyyət göstərmək niyyətində olduğunu və bu səbəbdən Azərbaycanda təşkil olunacaq tədbirlərə, xarici mütəxəssislərin də dəvət olunacağının gözlənildiyini bildirib: "Həmçinin Akademiyanın təlimatçıları da xarici seminar və vorkşoplara qatılmağı planlaşdırır. Akademiya həmçinin döyüş janrında qısametrajlı filmlərin, müxtəlif idman və döyüş növlərinə aid maarifləndirici videoçarxların çəkilişləri ilə də məşğuldur".

Qeyd edək ki, Akademiyanın təlimatçıları bir neçə yerli və xarici layihələrdə iştirak edib. Sain Fərmanlının rəhbərliyi ilə fəaliyyət göstərən peşəkar kaskadyor qrupu Azərbaycanda çəkilən filmlərdə yüksək peşəkarlıq nümayiş etdirib. Buna misal olaraq, son illərdə ekranlaşdırılan "Qorxma, mən səninləyəm 1919", "Zabitin şərəfi", "Kədərim" və "İnfeksiya" adlı filmlərdə azərbaycanlı kaskadyorların nümayiş etdirdiyi performansını qeyd etmək olar. Azərbaycanlı kaskadyorların çəkildiyi sonuncu film "Əli və Nino" bədii filmidir.

Xatırladaq ki, uzun illərdir kaskadyor sənəti ilə məşğul olan Sain Fərhad Fərmanlı döyüş səhnələri üzrə beynəlxalq dərəcəli xoreoqraf-instruktor, döyüşçü aktyordur. 1985-ci ildə Bakı şəhərində doğulub. 7 yaşından idmanla məşğul olur. 

Son xəbərlər

Orphus sistemi