Yuxarı

Parisdə Azərbaycan və Fransa musiqiçilərinin iştirakı ilə konsert keçirilib

Konsertdə Akademik Opera və Balet Teatrınını dirijoru, prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi altında simfonik orkestr çıxış edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Avropanın ən məşhur konsert salonlarından biri olan “Elisey Teatrında”(Theatredes Champs Elysees) Azərbaycan və Fransa musiqiçilərinin iştirakı ilə təntənəli konsert keçirilib.

"Report" xəbər verir konsert eyni zamanda “İpək və Alov” Musiqi Festivalının açılışına həsr olunub. Gecənin açılışında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri cənab Elçin Əmirbəyov və Musiqi Festivalının bədii rəhbəri tanınmış bəstəkar Pyer Tilua çıxış edib.

Rəsmi hissədən sonda Fransanın ən qədim musiqi kollektivi olan – “Lamürö” (Lamoureux) simfonik orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınını dirijoru, Prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi altında rəngarəng proqramla çıxış edib. Konsertdə Azərbaycanın tanınmış musiqiçiləri xalq artisti Murad Hüseynov (fortepiano), beynəlxalq müsabiqələr laureatları Səbinə Rakçeyeva (skripka), Nəzrin Rəşidova (skripka), Emil Əfrasiyab (fortepiano), əməkdar artistlər Elşən Mənsurov (kamança) və Malik Mənsurov (tar) iştirak edib. “Lamürö” simfonik orkestri və dirijor Əyyub Quliyevin ifasında Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından Üvertura, Qara Qarayevin “Yeddi gözəl” baletindən Süita, Paul Dyükanın “Sorcerer’s Apprentice” fantastik skertso səsləndirilib.

İnstrumental əsərlər sırasında Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün “Ərəb mövzularında konserti” (solist Murad Hüseynov), Vaqif Mustafazadənin Fortepiano və orkestr üçün konserti (solist Emil Əfrasiyab), Hacı Xanməmmədovun Kamança və orkestr üçün konserti (solistlər Elşən və Malik Mənsurovlar) dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Hər bir əsərdən sonra dinləyicilərin alqışları altında ifaçılar əlavə olaraq yeni əsərlər ifa edib.

Proqramın sonunda isə tanınmış fransız bəstəkarı Pyer Tiluanın 10-cü Simfoniyası “Exil” dünya premyerası keçirilib. Əsərin ifasında 100-dən artıq musiqiçi – 4 solist (tar, kamança və 2 skripka), böyük simfonik orkestr və Elektronik qrup “Chords” iştirak edib.

Qeyd edək ki, “İpək və Alov” beynəlxalq musiqi festivalı sentyabrın 19-dək Fransanın Paris və Mülyuz şəhərlərində davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi