Yuxarı

​Özbəkistanda Üzeyir Hacıbəyli adına Azərbaycan - Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub

Mərkəzə Özbəkistan xalq çalğı alətləri Kamera Orkestrinin bədii rəhbəri Firuzə Abduraximova rəhbərlik edəcək

Bakı. 12 mart. REPORT.AZ/ Daşkənddəki Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan - Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub. "Report"un məlumatına görə, Musiqi Mədəniyyəti Mərkəzi Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında açılıb. 

Layihə çərçivəsində Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulub, tərtibat işləri aparılıb. Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən,  Mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilib.

Rəsmi açılışdan sonra Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov müasir səviyyədə qurumlmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan - Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini, bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevriləcəyini qeyd etdi.

O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq Mərkəzin xidmətlərindən gələcəkdə Özbəkistan Dövlət Konservatoriyasında təhsil alan tələbələr, mütəxəssislərin də faydalana biləcəklərini söyləyib və layihənin reallaşdırılmasına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırıb. O, gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini, dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğinə və Özbəkistan səhnələrində tez-tez ifa olunmasına şərait yaradacağını qeyd edib. S.Abbasov Mərkəzdə,  həmçinin Özbəkistanın "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin məşqlərinin də həyata keçiriləcəyini vurğulayıb.

Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan musiqisinə, bəstəkarlarının əsərlərinə Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Azərbaycanın zəngin musiqi ənənələri barədə danışıb və məhz Azərbaycanda Şərqdə ilk operanın əsasının qoyulduğunu qeyd edib.

Daha sonra Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dahi Üzeyir Hacıbəyovun əsərlərindən, eləcə də orkestrin solisti Səncər Qədirov "Ay Laçın" Azərbaycan xalq mahnısını ifa edib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Azərbaycan - Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinə Özbəkistanın xalq çalğı alətləri Kamera Orkestrinin bədii rəhbəri, professor Firuzə Abduraximova rəhbərlik edəcək. Onun rəhbərliyi ilə Özbəkistanın Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dəfələrlə Özbəkistan səhnələrində Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasını, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 20 yanvar və Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində möhtəşəm konsert-rekviem proqramlarında Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Mərkəzə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan xalq çalğı alətləri üçün əsərlər, ölkəmizdə nəşr olunan musiqisi nəşrləri, disklər hədiyyə olunub, Azərbaycan və Özbək musiqişünaslarının, bəstəkarlarının portretləri vurulub, ölkəmizin mədəniyyətini əks etdirən guşə yaradıllb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi