Yuxarı
    Bağlamaq

    Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açılıb

    Sərgi Azərbaycanın Qarabağ diyarının tarixi, mədəniyyəti, milli geyimləri ilə tanış olmağa imkan verəcək

    Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Qarabağ geyimlərinin daimi sərgisinin açılışı olub.

    Mədəniyyət və Turizm Nazirliynin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdiriləcək libasları Bakıdakı Milli Geyim Evi hazırlayıb.

    Sərgidə Qarabağ geyimlərinin olduqca maraqlı kompozisiyası yaradılıb. Şüşə vitrinlərdə sərgilənən geyimlər, görünüşün keyfiyyətini yüksəltmək məqsədilə xüsusi işıqlandırma aparatları ilə təmin olunub.

    Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib.

    Sərginin açılışını edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinə dair təbliğat işini daha da gücləndirmək və effektiv həyata keçirmək üçün Azərbaycanın Qarabağ geyimlərinin, xalçalarının, mətbəxinin Özbəkistanda mütəmadi olaraq nümayişinin həyata keçirildiyini qeyd edib.

    Mədəniyyət Mərkəzində 2015-ci ildə "Könlüm keçir Qarabağdan" adlı sərgidə Qarabağ xalçaları, mətbəxi sərgilənib, ötən ilin dekabr ayında isə "Azərbaycan-Özbək milli geyimlərinin nümayişi" adlı moda sərgisində Qarabağa aid geyimlər nümayiş etdirilib.

    Samir Abbasov Azərbaycanın müxtəlif regionlarının özünəxas geyimləri ilə seçildiyini bildirib, milli geyimlərimizin dünyada tanıdılması və təbliği ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri barədə məlumat verib.

    Tədbirdə çıxış edən özbək yazıçı, Özbəkistanda Azərbaycan dili üzrə tərcüməçi Şəhla Qasımova Azərbaycanın Qarabağ geyimlərinin diqqətəlayiq və öz rəngarəngliyi ilə seçildiyini, bu diyarda yaşayıb yaratmış azərbaycanlıların tarixinin, mədəniyyətinin necə zəngin olduğunu sübut etdiyini söyləyib.

    Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı Qarabağ rəqslərini ifa edib.

    Qeyd edək ki, daimi sərgi Mədəniyyət Mərkəzində keçirilən tədbirlər zamanı mötəbər qonaqların, Mərkəzə daim gələn yerli ictimaiyyətin, azərbaycanlıların, habelə Mərkəzdə fəaliyyət göstərən dərnək və kursların tələbələrinə Azərbaycanın Qarabağ diyarının tarixi, mədəniyyəti, milli geyimləri ilə tanış olmağa imkan verəcək.

    Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaxın günlərdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin, diplomatların xanımları Qarabağ geyimlərinin sərgisi ilə tanışlığı nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi