Omanda İSESCO mədəniyyət nazirlərinin konfransı keçirilir

Omanda İSESCO mədəniyyət nazirlərinin konfransı keçirilir Konfransda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir
İncəsənət
2 Noyabr , 2015 15:20
Omanda İSESCO mədəniyyət nazirlərinin konfransı keçirilir

Bakı. 2 noyabr. REPORT.AZ/ Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu konfransı başlayıb.

"Report" xəbər verir ki, konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən ev sahibi ölkənin irs və mədəniyyət naziri Seyyid Haytam bin Tariq əl-Səid qonaqlara Oman Sultanı adından bildirıb ki, İslam ölkələrini təmsil edən mədəniyyət nazirlərini qəbul etməkdən və bu tədbirə təşkilati dəstək göstərməkdən olduqca məmnundur. 

Daha sonra çıxış edən İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri bu konfransda iştirak edən 40 ölkənin mədəniyyət nazirləri və nümayəndə heyətlərinə öz təşəkkürünü bildirib. 

O qeyd edib ki, İslam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və bunun üçün də İslam ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni İslam ölkələri ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkiiatların birləşərək terror hadisələri nəticəsində dağıdılan İslam irs və mədəniyyətinin nümunələrinin qorunmasında daha da böyük güc sərf etmələrinin vacibliyini vurğulayıb. O, son zamanlar dünyada gedən islamafobiyadan və terror nəticəsində Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən narahatlığını ifadə edib. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransda çıxış edəcək. 

Xatırladaq ki, konfrans noyabrın 4-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi