Yuxarı

"O aktyorun ölümündən heç kim xəbər tutmamışdı, meyiti 3 gün evində qalmışdı" -MÜSAHİBƏ - FOTOLAR

İntiqam Soltan: Ailə həyatının belə uğursuz olmasının səbəbini bilmirəm

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan teatr sənətində məşhur olan, zamanında tanınan, sayılıb-seçilən, sonralar isə unudulan sənət adamları çox olub. Onlardan kimisi laqeydliyin, kimisi şöhrətin, bəziləri isə içkinin qurbanına çevrilib və beləliklə əvvəlcə sənət, sonra isə həyat "səhnəsi"ndən silinib gediblər.

Aktyor Oqtay Quliyev də belə bir tale yaşayıb...

Bəlkə də, bu aktyor geniş tamaşaçı kütləsinə o qədər də tanış deyil, amma teatr həvəskarları, sənət aləmində baş verənləri yaxından izləyənlər Oqtay Quliyevi yaxşı xatırlayırlar. Bir zamanlar rəhmətlik Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrında çalışan aktyor bu teatrın səhnəsində maraqlı obrazlar yaradıb.

Ömrünün son illərində isə Bakı Uşaq Teatrında çalışıb. Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan "Report"a müsahibəsində mərhum dostu haqda xatirələrini bölüşüb. 

- Oqtay Quliyevin ölümündən ilk olaraq siz xəbər tutmusunuz. Onun meyiti üç gün yaşadığı evdə qalıb, dünyasını dəyişməsindən heç kimin xəbəri olmayıb. Aktyorun son günlərini necə xatırlayırsız? Onunla dostluğunuz nə zamandan başlamışdı? 

- Oqtay 1961-ci ildə Bakıda doğulub, istedadlı aktyor idi, 54 yaşında dünyadan köçüb. Onu ilk dəfə Naxçıvan Dövlət Musiqili Dram Teatrının quruluşunda olan "Elektra" tamaşasında görmüşdüm. Oqtay Quliyev aktyor kimi fəaliyyətə Naxçıvan teatrından başlamışdı. Sonralar Akademik Milli Dram Teatrında əvvəlcə səhnə maşinisti, daha sonra isə aktyor kimi çalışdı. Milli Dram Teatrının səhnəsində bir neçə maraqlı tamaşalarda oynadı. Q.Lorkanın "Qadın faciəsi" əsərində canlandırdığı rol yadımdadır. Həmin tamaşada tərəf müqabili xalq artisti Nurəddin Mehdixanlı idi.

Sonralar rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrında çalışdı. Həmin teatrda maraqlı obrazlar yaratdı. Yusif Səmədoğlunun "Qətl günü" əsərində gözəl obraz yaratmışdı. Sonralar, Həsən Əblucun quruluşunda hazırlanan Cəfər Cabbarlının "Aydın" pyesində Dövlət bəyi məharətlə ifa etdi. Elə dostluğumuz da, o illərdən başladı. Zahirən də yaraşıqlıydı, səhnəyə uyğun gələn xarici görünüşü vardı. Oqtay Quliyev sənətinin ən yaxşı vaxtlarında teatrı atıb, Rusiyaya getdi.

Baxmayaraq ki, məndən 4-5 yaş böyük idi, amma ona böyük sənətkar kimi baxırdım. Oqtay mənim yaddaşımda böyük aktyor kimi qalıb.

- Teatrdan niyə getdi? 

- Səbəbini dəqiq bilmirəm. Gənclər Teatrında çalışanda rejissor Ülviyyə Könüllə ailə həyatı qurmuşdu. Bir yerdə işləyirdilər, orada tanış olmuşdular. Həmin nikahdan bir qızı var. Amma ailəsi dağıldı. Ailə həyatının belə uğursuz olmasının səbəbini bilmirəm. Boşanandan sonra Rusiyaya getdi. Oqtayın pis vərdişi var idi. İçkiyə aludə olmuşdu.

- Bir çox istedadlı sənətkarlar kimi...

- Bəli, təəssüf ki, Oqtay da içkinin qurbanı oldu. Çox içirdi, o qədər aludə olmuşdu ki, artıq tərgidə bilmirdi. Rusiyadan qayıdandan sonra bir neçə teatrda qısa müddət çalışdı. Amma içdiyinə görə, heç yerdə sonadək qala bilmirdi. Nəhayət, günlərin birində mənim yanıma gəldi. Onu Uşaq Teatrına işə götürməyimi xahiş etdi. Əlbəttə ki, onun kimi istedadlı bir aktyorun bizim teatrımızda çalışması yaxşı hal idi. Amma bura Uşaq Teatrıdır, axı. Bu teatrda içki içmək, sərxoş səhnəyə çıxmaq olmaz. Ona görə də, mən ilk gündən Oqtayla şərt kəsdim. Onu müalicəyə göndərdim. Müalicə olunmağa razılaşdı. Narkoloji dispanserdə 1 həftə yatdı, müalicə aldı, 1 il 4 ay içki içmədi. İçkini dilinə də, vurmadı. Müntəzəm dərmanlarını qəbul edirdi və içkidən uzaqlaşmışdı. Ona bütün teatr kollektivi kömək edirdi. Balaca uşağın nazı ilə necə oynayırlarsa, biz də onu elə qorumağa, dərmanlarını vaxtlı-vaxtında qəbul etməsinə yardımçı olurduq. Yaxşı olmuşdu, içmirdi. Birlikdə Türkiyəyə, İrana qastrol səfərinə getdik.

- Sizin teatrda neçə il işlədi?

- Təxminən iki il çalışdı. Yaxşı rollar canlandırdı. 1 il 4 ay dözdü və yenidən içməyə başladı. Biz ona inandıq ki, daha içməz, amma elə olmadı. Sərxoş vəziyyətdə səhnəyə çıxdığına görə, onu teatrdan uzaqlaşdırdım. Özü dedi ki, hamıya sübut edəcəm ki, yenidən sağala bilərəm. Müalicə olunmaq üçün evini satdı, sonra anasının başına hadisə gəldi. Bir sözlə bu insanın həyatı çox kədərli, faciəli oldu. Nə zaman gedib, qayıdırdı qəbul edirdim. Bir müddət Rus Dram Teatrında çalışdı. Amma məlum problemə görə, orada da, qala bilmədi.

- Ölümü necə olub? Onun dünyasını dəyişməsindən nə zaman xəbər tutdunuz? 

- Yanvarın 14-də dünyasını dəyişib. Amma bundan heç kimin xəbəri olmayıb. Çünki tək yaşayırdı. Meyiti bir neçə gün evdə qalmışdı. Yanvarın əvvəlində mənim yanıma gəlmişdi. Belə danışdıq ki, yenidən teatra qayıdacaq. İçki içməyəcək və s. Sonra biz qastrola getdik. Qayıdandan sonra eşitdik ki, belə hadisə baş verib. Tək yaşadığına görə ölümündən heç kimin xəbəri olmamışdı. Birinci həyat yoldaşından ayrılandan sonra ikinci dəfə evlənmədi. Sonra anası da rəhmətə getdi və tamamilə tək qaldı. Təəssüf ki, belə taleyi yaşayan aktyorlar, sənət adamları çox olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi