Bakı. 12 iyun. REPORT.AZ/ "Delta Airlines" aviaşirkəti və "Bank of America" "PublicTheater" qeyri-kommersiya təşkilatını maliyyələşdirməkdən imtina etdiklərini açıqlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, imtinanın səbəbi "Yuli Sezar" tamaşasında baş qəhrəmanın ABŞ Prezidenti Donald Trampla oxşarlığıdır.
Premyerası mayın 23-də Nyu-Yorkda baş tutan tamaşa Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin müasir interpretasiyasıdır.
Tamaşada baş qəhrəman işgüzar kostyumda olan və sinəsində döş nişanı kimi ABŞ bayrağı gəzdirən sarışın saçlı kişi kimi təqdim olunur, Sezarın həyat yoldaşı Kalpurniya isə slavyan ləhcəsi ilə danışır, dizaynerin hazırladığı xüsusi paltarlar geyinir. Xatırladaq ki, Donald Trampın həyat yoldaşı Melanya Tramp Sloveniya doğumludur.
Aviaşirkətin nümayəndələrinin fikrincə, teatrın yaradıcılq və bədii rəhbərliyi yaxşı zövq məsələsində sərhədi aşıb.
"Bank Amerika"nın nümayəndələri isə "Yuli Sezar" tamaşasının maliyyələşdirilməsini dayandırdıqlarını açıqlamaqla kifayətləniblər. Onların maliyyədən imtina qərarının təşkilatın digər tamaşalarına da şamil edilib-edilməyəcəyi bəlli deyil.