Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb 16 yaşdan kiçik uşaqlar filmlərə baxmağa buraxılmırlar
İncəsənət
18 İyun , 2015 16:39
Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb

Bakı. 18 iyun. REPORT.AZ/ İyunun 18-dən etibarən Nizami Kino Mərkəzində ABŞ və Kanada istehsalı olan və 3D formatında çəkilmiş “Poltergeyst” və Rusiya kinematoqrafçılarının çəkdiyi “Barmen” filmlərinin nümayişi başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzinin mətbuat xidməti yayıb.

Yeni nümayiş edilən ilk film rejissor Qil Kinanın Stiven Spilberq və Devid Lindsi-Ebeyrin ssenariləri əsasında dəhşət və triller janrında çəkdiyi “Poltergeyst" filmi qara qüvvələrin kiçik qızlarını qaçırdıqları bir ailədən bəhs edir. Qızı xilas etmək üçün ailə birləşir.

Filmin şüarı “Onlar səni nəyin qorxutduğunu bilirlər”dir. 

Filmdə rollara Sem Rokuell, Rozmari DeUitt, Sakson Şarbino, Kayl Ketlett, Kennedi Klements, Cared Xarris, Ceyn Adams, Syuzen Xeyard, Nikolas Braun, Karen İvani və başqa aktyorlar çəkilib.

Nümayiş edilən ikinci film rejissor Dina Şturmanovanın Denis Kaymakovun ssenarisi əsasında komediya janrında çəkdiyi “Barmen” filmidir.

Baş qəhrəman Vadik darıxdırıcı həyatını dəyişmək istəyir. Lakin uğursuzluq qorxusu və özünə inamsızlığı məqsədinə çatmağa imkan vermir. Hər şey təsadüfən girdiyi barda sirli barmenin düzəltdiyi kokteyli içəndən sonra dəyişir. Artıq o, mister Xarizmadır və bütün dünya ayaqları altındadır. Hətta gözəlçə Yuliya ona diqqət yetirir. Hər yeni kokteyl yeni istedad gətirir. Bu gün Vadik intelektualdır, sabah rəqs meydançasının kralı. Amma bu içkilərin pis cəhəti var: təsirini tez itirir və əks göstəricisi xoşagəlməzdir.

16 yaşdan kiçik uşaqlar filmlərə buraxılmırlar. 

Qeyd edək ki, iyunun 28-dək Nizami Kino Mərkəzində ilk Avropa Oyunları ilə bağlı Azərbaycan filmlərinin nümayişi davam edir. Hər gün saat 17.00-də Azərbaycan istehsalı olan milli filmlər pulsuz göstərilir.  

Son xəbərlər

Orphus sistemi