Bakı. 17 yanvar. REPORT.AZ/ Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əməkdar incəsənət xadimi Nizami Abbasın anadan olmasının 60 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Kinostudiyadan "Report"a verilən məlumata görə, N.Abbas ömrünün 40 ilini kino sənətinə bağlayaraq bir-birindən maraqlı neçə-neçə bədii və sənədli film lentə alıb.
Onun “Ağ-qara dünya”, “Axırıncı addım”, “Bu Naxçıvandır”, “Əzablı yollar”, “Kədərimiz...Vüqarımız...”, “Qəm karvanı”, “Məhəmməd Füzuli”, “Laçının son günləri” və s. kimi sənədli filmləri milli tarixin yaddaşlarda hər zaman qorunub saxlanmasına xidmət edib.
N.Abbas “Afroditanın qolları”, “Qoca palıdın nağılı”, “Qocalar, qocalar...”, “Şeytan göz qabağında”, “Əlvida cənub şəhəri”, “Tənha narın nağılı” kimi bədii filmlərdə də operator kimi öz dəsti-xəttini qoruyub.