Yuxarı
    Bağlamaq

    Naxçıvanda "Müasir İran mədəniyyətinin görkəmli şəxsiyyətləri" adlı fotosərgi təşkil olunub

    Sərgidə 65 şəkil nümayiş olunub

    Bakı. 12 iyul. REPORT.AZ/ Naxçıvanda İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən olan görkəmli mədəni şəxsiyyətlərin foto sərgisi təşkil olunub.

    İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, sərginin açılış mərasimində çıxış edən Naxçıvan Rəssamlar Birliyinin sədr müavini Nizami Alıyev bildirib ki, təşkil olunan sərgi Naxçıvanda iranlı fotoqrafın ilk foto sərgisidir və bu mövzu Naxçıvan və İran arasında olan ikitərəfli geniş əlaqələrin göstəricisidir. O bildirib ki, İranın 3 vilayətindən olan görkəmli şəxsiyyətlərinin 65 şəkildən ibarət olan fotoları sərgidə nümayiş olunub.

    Daha sonra çıxış edən İranın Naxçıvandakı baş konsulu Mansour Airom iki ölkə arasına mövcud olan siyasi–iqtisadi əlaqələrin son dövrlərdə inkişaf etdiyini bildirib və əlavə edib ki, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. M.Airom bildirib ki, siyasi və iqtisadi əlaqələr dövlət xadimlərinin arasında olan danışıq mövzuları olsa da, mədəniyyət və incəsənət sahələrində olan məsələlər xalqlar və millətlər arasında olan qarşılıqlı münasibətlərə aid olunur.

    Daha sonra İranın Naxçıvandakı baş konsulluğunun mədəniyyət attaşesi Hüseyn Ağazadə çıxış edərək vurğulayıb ki, iqtisadi və siyasi sahələrdə olan əlaqələr o zaman bir nəticə verir ki, mədəniyyət, incəsənət və elm sahələrində olan əlaqələr də inkişaf etmiş olur.

    Açılış mərasiminin sonunda sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi Paşa Hadiyan çıxış edərək Naxçıvan Ali Məclisinə və Naxçıvanın rəsmi şəxlərinə sərginin təşkil edilməsində göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

    Qeyd edək ki, sərgi iyulun 15-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi