Yuxarı

Naxçıvan teatrında "Nadir şah" tamaşası hazırlanır

Səhnə əsərinin premyerası yeni teatr mövsümündə olacaq

Bakı. 23 iyun. REPORT.AZ/ Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" əsəri əsasında tamaşa hazırlanır.

Bu barədə "Report"a Naxçıvan Teatrının direktoru, xalq artisti Rza Xudiyev məlumat verib.

Onun sözlərinə görə, hazırda tamaşanın məşqləri davam edir. Direktor bildirib ki, səhnə əsərinin premyerası yeni teatr mövsümündə olacaq.

Tamaşanın rejissoru Tofiq Seyidov, musiqi tərtibatçısı əməkdar artist Mübariz Əsgərov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur.

Nadir şah obrazını xalq artisti Rza Xudiyev canlandıracaq. Rollarda xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Əbülfəz İmanov, Şirzad Abutalıbov, Behruz Haqverdiyev çıxış edəcək. Tamaşada yeganə qadın obrazını Nurbəniz Niftəliyeva ifa edəcək.

Xatırladaq ki, iyunun 24-də Naxçıvan Teatrında Həmid Arzulunun "Əlincə qalası" tarixi dramı nümayiş etdiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi