"Nabat" filminin baş qəhrəmanı beynəlxalq film festivalında qalib elan olunub

"Nabat" filminin baş qəhrəmanı beynəlxalq film festivalında qalib elan olunub "Axınla aşağı" filmi isə "Ən ümidverici debüt" nominasiyasında fəxri mükafata layiq görülüb
İncəsənət
12 Oktyabr , 2015 12:44
Nabat filminin baş qəhrəmanı beynəlxalq film festivalında qalib elan olunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Oktyabrın 1-dən 11-dək Vyanada "LET´S CEE" beynəlxalq film festivalı keçirilib.

"Report" xəbər verir ki, bu il Azərbaycan festivalda iki bədii filmlə təmsil olunub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Axınla aşağı" və "Nabat" bədii filmləri "Urania", "Village Cinema" və "Actor´s Studio" kinoteatrlarında nümayiş etdirilib.
Festivalın yekununda müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. "Ən yaxşı baş rol ifaçısı" nominasiyasında "Nabat" bədii filminin baş qəhrəmanı, Nabat rolunun ifaçısı Fatima Motamed-Arya qalib elan olunub. Rejissor Asif Rüstəmovun ekranlaşdırdığı digər Azərbaycan filmi "Axınla aşağı" isə "Ən ümidverici debüt" nominasiyasında fəxri mükafata layiq görülüb.
"Axınla aşağı" filminin rejissoru Asif Rüstəmov, "Nabat" filmində baş rolu canlandıran aktrisa Fatima Motamed-Arya, "Azərbaycanfilm" kinostudiyasının direktoru, ssenarist və kinoprodüsser Müşfiq Hətəmov və kinostudiyanın əməkdaşları da festivalda iştirak edib.
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu "LET´S CEE" beynəlxalq film festivalı, eyni zamanda film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır. Yüzdən artıq ekran əsərinin yer aldığı festival öz proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz əldə edib.
Xatırladaq ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və əməkdaşlığı sayəsində ölkə artıq üçüncü ildir ki, bu beynəlxalq festivalda təmsil olunur.

Son xəbərlər

Orphus sistemi