Yuxarı

“Nabat” filmi Almaniyada keçirilən festivalda nümayiş etdiriləcək

Festival avqustun 9-da başa çatacaq

Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Almaniyanın Ştarnberq şəhərində 9-cu "Fünf Seen" ("Beş göl") beynəlxalq müstəqil film festivalı başlayır.

"Report" xəbər verir ki, festivalın müsabiqə proqramına Azərbaycandan olan rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi də daxil edilib.

Avqustun 9-dək davam edəcək festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən filmlər nümayiş etdiriləcək.

"Nabat" bədii filmi festivalda avqustun 6-da nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.
Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb.

Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi