Yuxarı

Musiqili Teatrın direktoru beynəlxalq müsabiqədə iştirak edəcək

Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Rusiya Federasiyasının Yekaterinburq şəhərinə yola düşüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər SSRİ xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”nin Təşkilat Komitəsinin dəvəti ilə baş tutub.

Belə ki, Ə.Lalayev bu nüfuzlu beynəlxalq müsabiqədə münsiflər heyətinin üzvi kimi iştirak edəcək.

Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu”, Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətində Fransa, Almaniya, Belarus, Rusiya kimi dövlətlərin dünya şöhrətli musiqili teatr sənətçiləri təmsil olunur. Məhşur sənət adamlarının üzv olduğu münsiflər heyətinin rəhbəri Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

“Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcək.

Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi