Musiqili Teatrda yeni tamaşanın premyerası olub

Musiqili Teatrda yeni tamaşanın premyerası olub "Toya bir gün qalmış" hansı hadisə baş verdi?
İncəsənət
17 Aprel , 2015 11:04
Musiqili Teatrda yeni tamaşanın premyerası olub

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı yeni komediyanı tamaşaçıların ixtiyarına verib. "Report" xəbər verir ki, aprelin 16-da teatrda yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” adlı komediyasının premyerası olub.

Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, musiqi tərtibatçısı Emin Həsənov, xormeyster Vaqif Məstanovdur. Komediyada musiqiləri tanınmış qarmon ustası, xalq artisti Ənvər Sadıqov səsləndirir.

Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləcə, maddiyyat mənəvi dəyərləri üstələyir. Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır, bəlli olur ki, əslində o ölməyib, sadəcə, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir. Tamaşanın yaradıcı heyəti əsərin sonluğu ilə maraqlanan tamaşaçıları yeni komediyaya baxmağa dəvət edir.

Komediyanın baş rolu olan Qadın obrazını xalq artisti Afaq Bəşirqızı, Kişi obrazını əməkdar artist Ələkbər Əliyev oynayır. Digər rolları Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əlili, Hüseyn Əlili, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Fərid Rzayev, Əlibala Əlizadə ifa edir.

Son xəbərlər

Orphus sistemi