Yuxarı
    Bağlamaq

    Musiqili Teatrda mükafatlandırma mərasimi keçirilib

    Qaliblərə pul mükafatları və xüsusi prizlər verilib

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub. 

    "Report" xəbər verir ki, Musiqili Teatr 105-ci mövsümün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri, uğurlu rolları ilə seçilən, öz peşələri ilə hər kəsin sevimlisinə çevrilən, teatrın inkişafinda xidmətləri olan əməkdaşlarını mükafatlandırıb.

    Mükafatlandırma mərasimində çıxış edən teatrın direktoru, əməkdar incəsənət xadimi, Əliqismət Lalayev qeyd edib ki, Musiqili Teatrın tarixində ilk dəfədir belə mükafatlandırma olur: "Başa çatan mövsümün bayram əhvali-ruhiyyə ilə qeyd olunması, yüksək dəyərləndirilməsi gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək".

    Teatrın əməkdaşlarından Gültac Əlili “Mövsümün aktrisası", Amil Həsənoğlu “Mövsümün aktyoru”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, Səma Cəfərova “Mövsümün ən yaxşı xor artisti”, Hacı Məmmədov “Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)", Yelena Almazova “Mövsümün ən yaxşı sex rəisi”, Məcid Hüseynov “Mövsümün ən yaxşı texniki işçisi”, Əzizağa Əzizov “Mövsümün sevilən aktyoru”, Əliməmməd Novruzov “Mövsümün prespektivli aktyoru”, Svetlana Bulax “İlin yubiliyarı” və Nabat Səmədova “Günün yubiliyarı” mükafatını alıblar. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov quruluş verdiyi “Toya bir gün qalmış” tamaşası isə “İlin ən yaxşı tamaşası” nominasiyasının qalibi olub.

    Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Billur alma” mükafatı əməkdar artist Səidə Şərifəliyevaya və aktyor Səmədzadə Xasıyevə təqdim olunub.

    Bütün qaliblərə pul mükafatları və xüsusi prizlər verilib. Aktyorlar Emil Heydərov, Marina Litvinenko, Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif olunublar.

    Qeyd edək ki, diplomları qaliblərə Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Hacı İsmayılov təqdim edib.

    Mükafatlandırma mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi