Yuxarı

Musiqili Teatrda mükafatlandırma mərasimi keçiriləcək

Qaliblərə xüsusi prizlər və pul mükafatları təqdim olunacaq

Bakı. 24 iyun. REPORT.AZ/ İyulun 4-də Musiqili Teatrda mükafatlandırma mərasimi keçiriləcək. Bu barədə "Report"a teatrdan məlumat verilib. 

Xəbərdə qeyd olunub ki, Azərbaycan Dövlət Musiqili Teatrının 105-ci mövsümü artıq yekunlaşmaq üzrədir: "Başa çatmaqda olan mövsüm Musiqili Teatr üçün çox əlamətdar olub. Mövsüm boyu teatrda bir çox beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərin premyerası olub. Kollektivin bəzi üzvləri uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunub. 105-ci mövsümün yekunlaşması ilə əlaqədar teatrda mükafatlandırma mərasimi keçiriləcək".

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.

Mükafatlar “Mövsümün aktrisası”,“Mövsümün aktyoru”, “Mövsümün ən yaxşı səhnə tərtibatı”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)” “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblərlə yanaşı, “Mövsümün ən yaxşı tamaşası”na da veriləcək. 

Qaliblərə xüsusi prizlər və pul mükafatları təqdim olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi