Musiqili Teatrda əməkdar artistin yubileyi qeyd olunub

Musiqili Teatrda əməkdar artistin yubileyi qeyd olunub Xalq artisti Azər Paşa Nemətin imzaladağı fəxri fərman yubliyara təqdim olunub
İncəsənət
1 Mart , 2017 17:46
Musiqili Teatrda əməkdar artistin yubileyi qeyd olunub

Bakı. 1 mart. REPORT.AZ/ Musiqili Teatrda əməkdar artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Musiqili Teatrın direktoru Əliqismət Lalayev mərasimi açaraq N.Qartalın həyat və yaradıcılığından danışıb. 

O qeyd edib ki, N.Qartalın ən gözəl xüsusiyyətlərindən biri onun səmimiyyətidir: "Peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan bu cəhəti onun xarakterinin fərqliliyinin bariz nümunəsidir. Ömrünün böyük hissəsini səhnədə, tamaşaçılar qarşısında keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir”.

Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini Ədalət Vəliyev N.Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Xalq artisti Azər Paşa Nemətin imzaladağı fəxri fərman yubliyara təqdim olunub.

Daha sonra N.Qartalın sənət dostları olan xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, habelə Təbriz Teatrının rəhbəri, İran İslam Respublikasında yaşayan soydaşlarımızın sevimli gülüş ustası Babək Nəhreyn, Dövlət Musiqili Teatrının direktor müavini, əməkdar mədəniyyət işçisi Elxan Ocaqov və başqaları onun həyat və yaradıcılığı haqqında çıxışlar ediblər.

N.Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan müxtəlif tamaşalardan səhnəciklər nümayiş olunub.

Qeyd edək ki, Novruz Əliyev (Qartal) 1947-ci ildə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi tanınan Novruz Qartal Azərbaycan, eləcə də müxtəlif xarici dramaturqların əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. 

Novruz Qartal Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısıdır.

Son xəbərlər

Orphus sistemi