Musiqili Teatrda ABŞ sənətçilərinin rol aldığı şou-tamaşa təqdim olunacaq

Musiqili Teatrda ABŞ sənətçilərinin rol aldığı şou-tamaşa təqdim olunacaq Dövlət Musiqili Teatrı ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək
İncəsənət
10 May , 2016 13:42
Musiqili Teatrda ABŞ sənətçilərinin rol aldığı şou-tamaşa təqdim olunacaq

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək.

Bu barədə "Report"a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.

Layihə Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə keçiriləcək.

Məlumata görə, “Company-E” şirkətinin əməkdaşları ilə Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyyətinin birgə məşqlərinə start verilib. Bu münasibətlə “Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - produser Pol Qordon Emerson, produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor Amikaelya Qaston, rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor Qavin Stevart, rəqqas və ifaçı, məşğələlər üzrə direktor Vanessa Oven, rəqqas və ifaçı, məşğələlər üzrə direktor Abi Lishart, musiqi qrupu rəhbəri və dirijor Tami Hol, xoreoqraf, rəqqas, müəllim Robert Priori, rəqqas Kyoko Ruş və rəqqas Diana Amalfitano Azərbaycana gəlib.

Musiqili Teatrın direktoru Əliqismət Lalayev ABŞ nümayəndə heyəti ilə görüşüb. Direktor iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışıb, layihənin həyata keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Sonra qonaqlar teatrın səhnəsi, tamaşa və məşq zalları ilə tanış olublar.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen Musiqili Teatrda “Brodvey ” komandası üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, ABŞ-ın “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı “Brodvey” layihəsi mayın 14-ü saat 19.00-da və mayın 15-i saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi