Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci teatr mövsümünün açılışı olub.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bayram əhval-ruhiyyəli açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Musiqili Teatrın Ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı ötən mövsümdə qazanılan uğurlar, qarşıdakı hədəflər və yeni tamaşalar haqqında danışıb. Daha sonra dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası tamaşaçılara təqdim olunub. Anşlaqla keçən açılış mərasimi və tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.
Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının əsası 1910-cu ildə məhz “Ər və arvad” tamaşası ilə qoyulub.