Yuxarı
    Bağlamaq

    Musiqili Teatr yeni mövsümün dörd aylıq repertuar planını təsdiq edib

    Teatrın repertuarında olan 20 tamaşa 60 dəfə nümayiş etdiriləcək

    Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı yeni teatr mövsümü üçün dörd aylıq repertuar planını təsdiq edib.

    "Report" xəbər verir ki, teatrın ilk iş günündə Bədii Şuranın üzvləri 2015-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 60 dəfəyə yaxın nümayiş etdiriləcək. Yeni teatr mövsümünün açılışı ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq. Dahi Üzeyir bəy Hacıbəylinin əsəri sentyabrın 10-da Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının iştirakçılarına ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq.

    Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın tamaşaçıları “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qızıl toy” (O.Kazimi, R.Heydər), “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), “Ər və arvad” (Ü.Hacıbəyli), “www-ferzeli-kef.com” (E.Sabitoğlu, C.Məmmədov), “Kimdir müqəssir” (Ə. Haqverdiyev) və başqa tamaşaları izləyə biləcəklər. Habelə, rus dilli və balaca tamaşaçılar üçün “Fransız sayağı qarnir” (M.Kamoletti), “Skapenin kələkləri” (J.B.Molyer), “Düyməcik” (H.K.Anderson), “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və başqa əsərlər nümayiş etdiriləcək. 

    Oktyabrda teatrda, məşhur Robert Sturuanın rəhbərlik etdiyi Rustavili Teatrının qastrolu palnlaşdırılır. Noyabrda isə xalq artisti Bəşir Səfəroğlunun 90 illik və bu yaxınlarda Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif edilən xalq artisti Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keçiriləcək.

    Dekabrın 25-də 2016-cı ilin gəlişiylə bağlı Yeni İl şənliklərinə start veriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi