Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək Teatr festivalda dahi Ü.Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək
İncəsənət
12 Sentyabr , 2017 19:36
Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-26-da Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 

Musiqili Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Teatr həmişəki kimi bu ildə Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Musiqili Teatr festivalda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək.

Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Üzeyir Hacıbəylinin Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biri olduğunu bildirirb: "Belə şəxsiyyətlər yüz ildən, min ildən bir dünyaya gəlir. Böyük novator olan Üzeyir bəyin gördüyü bir sıra işlər təkcə xalqımızın deyil, ümumiyyətlə, Yaxın Şərqin tarixində bir ilkdir. Elə bizim teatrın əsası da cəhalətin və xurafatın daha çox hökmran olduğu 1910-cu ildə Üzeyir bəyin “Ər və arvad” ikihissəli musiqili komediyası ilə qoyulub. Hazırda repertuarımızda Üzeyir bəyin üç əsəri yer alır. Hər tamaşada zal, demək olar, dolu olur. Bu, ilk növbədə, xalqımızın Üzeyir Hacıbəylinin əbədiyaşar irsinə verdiyi qiymətin göstəricisidir. Kollektivimiz Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində təqdim edəcəyimiz “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Bu məşhur sənətçi məhz festivalda iştirakımızla bağlı dəvət olunub. Hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrımızda orkestr və aktyor heyəti ilə məşqləri davam edir”.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası sentyabrın 23-də, “Arşın mal alan” isə sentyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi