Yuxarı

Musiqili Teatr “O olmasın, bu olsun” operettasını nümayiş etdirəcək

Teatr mövsümə iyulun 12-də yekun vuracaq

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümə iyulun 12-də yekun vuracaq. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidməti yayıb.

Məlumatda bildirilib ki, Musiqili Teatrda mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıb.

Musiqili Teatrın bir çox tamaşaları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə edilərək I Avropa Oyunlarıyla əlaqədar Azərbaycana gələn qonaqlara tərcümə sətirlər - qaçan titrlər vasitəsilə nümayiş olunub.

Musiqili Teatrın rəhbərliyi mövsümə dahi Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettasının nümayişi ilə yekun vuracaq. Qeyd edək ki, “O olmasın, bu olsun” Musiqili Teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından biri olub.

Tamaşada Məşədi İbad obrazını canladıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Milli Mükafatına layiq görülüb.

Tamaşanın quruluşçu-rejissoru Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır.

Rolları, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları oynayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi