Musiqili Teatr Argentina ilə yaradıcılıq əlaqələri qurur

Musiqili Teatr Argentina ilə yaradıcılıq əlaqələri qurur Əliqismət Lalayev argentinalı qonaqları qəbul edib
İncəsənət
20 May , 2015 17:15
Musiqili Teatr Argentina ilə yaradıcılıq əlaqələri qurur

Bakı. 20 may. REPORT.AZ/ Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva və Argentinanın Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə katib müavini Maria Elena Troncoso Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu yayıb.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqları qəbul edib. Görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Habelə görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub.

Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Argentinaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi ilə bağlı məsələlərə toxunulub.

Qonaqlar rejissor və aktyor heyəti ilə görüşüb. Əvvəllər aktrisa kimi bir sıra obrazları canlandıran Argentinanın Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə katib müavini Maria Elena Troncoso Azərbaycan Dövlət Musiqili Teatrı kimi müasir standartlara tam cavab verən bir səhnəni görəndən sonra yenidən aktrisa kimi fəaliyyət göstərmək arzusuna düşdüyünü söyləyib: “Bu möhtəşəm səhnə, bu bənzərsiz şərait məni yenidən aktrisa kimi fəaliyyət göstərməyə sövq edir. İnanın ki, dil baryeri olmasaydı, işləmək üçün sizin Musiqili Teatrı seçərdim. Azərbaycan sürətlə inkişaf edir, Bakı həddindən artıq müasir və gözəl şəhərdir".

Son xəbərlər

Orphus sistemi