Yuxarı

Müəlliminin 50 ildir öyrənə bilmədiyi sirr - "epidemiya"ya yoluxan qardaşlar - REPORTAJ

Müəlliminin 50 ildir öyrənə bilmədiyi sirr-"epidemiya"ya düşən qardaş
© Report/Elchin Murad

Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.

“Report” xəbər verir ki, yubiley gecəsində sənətçi səhnəyə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevlə birgə çıxdı. 

Birinci müavin ilk olaraq Mədəniyyət naziri Əbülfəs Qarayevin Xalq artistinə təbrikini çatdırdı. Yubiley gecəsində İlham Namiq Kamalın sənət dostları ilə bərabər, onun yaxın dostları, ailə üzvləri və qohumları da iştirak edirdi.  

Özünü itirmiş İlham Namiq Kamal

Təbrikdən sonra tamaşa başladı. Tamaşanın baş qəhrəmanı və aparıcısı elə yubilyarın özü idi. Süjet xəttinə əsasən, baş qəhrəman İlham Namiq Kamalın görünüşünü təsvir edərək onun itkin düşdüyünü bildirir. Buna səbəb isə illərdir aktyorun canlandırdığı fərqli obrazlardır. O, artıq özünü fərqli insanlar cildində görməyə başlayır və özünü tapmaq yolunda mübarizə aparır. 

Kiçik səhnəciklər

Yubiley axşamı benefis formasında qurulmuşdu. Tədbirin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyevdir. Rəqslərə quruluşu isə Əməkdar artistlər Zakir və Leyla Ağayevalar veriblər. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videoçarxlar nümayiş olundu. Eyni zamanda aktyorun səhnə fəaliyyətində rol aldığı tamaşalardan, filmlərdən parçalar göstərildi. Bununla yanaşı, aktyorun fərqli obrazlar yaratdığı müxtəlif mövzulu kiçik tamaşalar da nümayiş olundu.

Teatr xəstəliyinə tutulmuş qardaşlar 

Xalq artistini təbrik edən ikinci şəxs onun qardaşı Cəfər Namiq Kamal oldu. Onların bu sənəti necə seçdikləri barədə söhbəti maraqlı idi. 

C.N.Kamal: "Teatr xəstəliyinə lap kiçik yaşlarından yoluxduq. Canımıza "epidemiya" düşdü. Amma, bilmirəm, bu, necə olmuşdu, çünki bizim nəslimizdə aktyor yox idi. Qohumlar bizə gələndə səhnələr qurardıq. Anam da nazlı xanım idi, asta iş görərdi, ancaq çox dadlı yeməklər hazırlayırdı".

İ.N.Kamal: "Məsələ burasındadır ki, anam evdə 4 kişiyə qulluq edib. Çətin məsələdir ha, indikilər bir kişiyə baxa bilmirlər".

C.N.Kamal: "Bu səhnələrə görə, bizi alqışlayırdılar. Elə alqış xəstəliyinə onda tutulduq. Bir gün məktəbin direktoru Əməkdar artist Məmmədağa Dadaşovla birgə sinifə daxil oldu və pionerlər evinə həvəskarlar yığırdı. Mən getdim və daha sonra bir həvəskar daha lazım oldu. Dedim ki, qardaşımı gətirim, dedilər, gətir. Səhər əl-ələ tutdub getdik. Elə o gedən bu yola düşdük". 

İ.N.Kamal: "Aldatdı apardı məni, Bilin, günahkar mən deyiləm, qardaşımdır" (Gülür). 

Nəsibə Zeynalova və Cahangir Novruzovdan təbrik

Gecənin ən yadda qalan anlarından biri də görkəmli aktrisa Nəsibə Zeynalovanın “Qaynana” filmindən hazırlanmış dialoq oldu. Belə ki, filmdən məşhur hissələr kəsilərək sual-cavab şəklində hazırlanmışdı. Bundan sonra N.Zeynlovanın oğlu, hazırda Türkiyədə yaşayan Xalq artisti Cahangir Novruzovun videoçarx şəklində təbriki nümayiş olundu.

Onun qürbətdən göndərdiyi təbriki isə bu məzmunda idi: "Əzizim İlham, 70 yaş qulağa bir az qəribə gəlir, amma mübarək olsun. Mən sənə 70 yaş vermirəm, sənin qəlbin, ruhun 70 yaş deyil, çox gəncdir, mən deyərdim 40-45 yaş. O ruhla, o ürəklə sən bu yaşa gəlmisən, deməli, daxilin təmizdir. Hər adam içində gəncliyini saxlaya bilmir, sən saxlamısan. Mən səninlə bir filmdə oynamışam, bir neçə dəfə səhnədə çıxış etmişəm. Onun ləzzəti başqa şeydir. Allah bizə yenə də bir səhnədə, filmdə oynamağı nəsib etsin!"

İlham Namiq Kamalın 50 illik sirri

Sonra səhnəyə Xalq artisti Hacı İsmayılov çıxdı və gətirdiyi gül dəstəsini yubliyara təqdimatı yaddaqalan oldu.

H.İsmayılov: "İlham Namiq Kamal mənim tələbəm olub. Apar gülləri yerinə qoy gəl". 

İ.N.Kamal: "Müəllim, olar gülləri masaya qoyum?" 

H.İsmayılov: "Apar, apar. Yəni sözə qulaq asan olub və kursda hörməti var idi. 1968-ci ilin ikinci yarısında bunlar birinci kursda oxuyurdular, mən səhnə danışığından asissent işləyirdim və hər zaman auditoriyadakılar məni çox diqqət və hörmətlə dinləyirdilər. Günlərin bir günü auditoriyaya girəndə gördüm bunlar qəhqəhə çəkib gülməyə başladılar. Mən bir az özümü itirdim. Fikirləşdim, yəqin pencəyi ya ayaqqabıları tərsinə geyinmişəm. Həmin dərsi gülə-gülə yola verdilər. Məncə, elə sən ona görə də bu gün Musiqili Komediya Teatrında işləyib insanlara gülüş bəxş edirsən. Əziz dostlar mən bilə bilmədim o gün onlar nəyə gülürdülər. İndi istəyirəm İlhamı çəkim qırağa aparım, çünki neçə illərdir bu dərd mənim ürəyimdə qalıb ki, bunlar nəyə gülürdülər dərsdə..."

İ.N.Kamal: "Burada deyim, yoxsa çöldə? Müəllim gülüş vitamin C-dir".

Bax beləcə, yubiley axşamı İlham Namiq Kamalın sənət dotlarının təbrikləri ilə başa çatdı.

Foto: Elçin Murad

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi