Moskvada SSRİ xalq rəssamının sərgisi açılacaq

Moskvada SSRİ xalq rəssamının sərgisi açılacaq Tahir Salahovun əsərləri yanvarın 22-dən martın 20-dək Tretyakov qalereyasında sərgilənəcək
İncəsənət
8 Yanvar , 2016 20:29
Moskvada SSRİ xalq rəssamının sərgisi açılacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ Moskvadakı Dövlət Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun əsərləri sərgilənəcək.

"Report" xəbər verir ki, qalereyanın saytında yer alan məlumata görə, “Günəş zenitdə” adlı sərgi yanvarın 22-də açılacaq.

Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə təsviri sənətdə “sərt üslubun” aparıcı nümayəndəsi olan rəssamın Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də özünün Bakıdakı ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş etdiriləcək.

Rəssamın Tretyakov Qalereyasında yer alan “Aydan” (1967), “Qırmızı istiotlarla natürmort” (1977), “Xəzərdə səhər” (1986) və s. əsərləri sərgiyə çıxarılacaq.

Qeyd edək ki, məşhur sənətkarın “Aydan” əsəri sovet dövrü təsviri sənətinin ən yaxşı nümunələrindən hesab olunur. Əsərin bir variantı (rəssam onu vaxtilə Tokioda açdığı sərgisi münasibətilə çəkib) ötən ilin dekabrında Londonun “Sotheby’s” auksionunda hərraca çıxarılıb.

Görkəmli fırça ustasının əl işləri hər il müxtəlif ölkələrdə sərgilənir. Ötən ilin oktyabrında rəssamın əsərləri Portuqaliyanın Lissabon şəhərində keçirilən "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalında nümayiş olunub.

Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunub. Festivala 30-dan çox ölkədən rəssamlar qatılıb. 

Son xəbərlər

Orphus sistemi