Moskvada “Nasizmə qarşı birlikdə idik” adlı sərgi açılıb

Moskvada “Nasizmə qarşı birlikdə idik” adlı sərgi açılıb Sərgidə Azərbaycan da təmsil olunur
İncəsənət
29 Aprel , 2015 16:09
Moskvada “Nasizmə qarşı birlikdə idik” adlı sərgi açılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Faşist Almaniyası üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvanın Böyük Vətən Müharibəsi Muzeyində "Nasizmə qarşı mübarizədə birlikdə idik" adlı sərgi açılıb. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Məlumatda qeyd olunub ki, "Birlikdə Əldə Edilmiş Qələbə" forum çərçivəsində açılan sərgidə Azərbaycan da təmsil olunur. 

Layihəyə əsasən sərginin təşkili üçün SSRİ-nin keçmiş müttəfiq respublikalarına müəyyən sahə ayrılır və sərgiyə dəvət edilən hər bir ölkənin, o cümlədən Azərbaycanın II Dünya müharibəsində rolunu əks etdirən tarixi materiallar təqdim olunur: "Bizim ölkəyə həsr olunan ekspozisiya "Azərbaycanın qızıl ulduzları", "Azərbaycan xalqının Böyük Vətən Müharibəsi illərində qəhrəmanlığı", "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" və "416- Taqanroq atıcı diviziyası" adlı hissələrdən ibarətdir. Bununla yanaşı sərgidə Azərbaycanın görkəmli rəssamları Tahir Salahovun, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun II Dünya müharibəsinə həsr etdikləri rəsm əsərləri, Azərbaycan İstiqlal və Milli Azərbaycan Tairixi muzeylərinin fondlarından eksponatlar, sənədli filmlər və Azərbaycanın Milli Arxivindən fotolar nümayiş etdirilir".

Sərginin açılışında iştirak edən Rusiyanın baş naziri Dmitriy Medvedyev Azərbaycan ekspozisiyası ilə tanış olub. D.Medvedevə Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti, Azərbaycanın görkəmli rəssamları tərəfindən çəkilmiş rəsm əsərləri barədə məlumat verilib. D.Medvedyev Azərbaycanda veteranlara göstərilən diqqət və qayğıya həsr olunan  bölümdə fotolar və "Azərbaycanın qızıl ulduzları" siyahısı ilə tanış olub.

Sərgi zamanı qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi Azərbaycan rəssamlarının II Dünya müharibəsinə həsr etdikləri əsərlərinin kataloqu və CD disklər paylanılıb.

Sərgi oktyabrın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi