"Mosfilm"də çalışan azərbaycanlı aktyor yeni seriala çəkilir

"Mosfilm"də çalışan azərbaycanlı aktyor yeni seriala çəkilir Serial Rusiyanın "I kanal"ında yayımlanacaq
İncəsənət
20 Avqust , 2015 14:56
Mosfilmdə çalışan azərbaycanlı aktyor yeni seriala çəkilir

Bakı. 20 avqust. REPORT.AZ/ Uzun illərdir Rusiyada yaşayan və "Mosfilm" kinostudiyasında çalışan azərbaycanlı istedadlı aktyor Fərhad Hüseynov yeni seriala çəkilir.  

Aktyor "Report"a açıqlamasında deyib ki, Rusiyada növbəti ekran əsərində çəkilmək üçün dəvət alıb. Onun sözlərinə görə, yeni serialda Volf Messinq rolunu oynayacaq. 18 seriyalı ekran əsəri Rusiyanın "I kanal"ında yayımlanacaq.

F.Hüseynov bildirib ki, azərbaycanlı aktyor üçün Rusiyada seriallarda çəkilmək çətindir: "İlk dəfə "Jasmin" adlı 200 bölümlük serialda bir qrup azərbaycanlı aktyorla birlikdə çəkildik. Həmin aktyorları rusiyalı kino xadimləri ilə mən tanış etdim. Filmdə azərbaycanlı sənət həmkarlarım İlqar Musayev, Ələkbər Əliyev, Zaur Həmidov, Səmayə Sadıqova, Amaliya Pənahova, Gulsabah Quliyeva, Tərlan Şahbazov, Şahmar Qəribli də rol aldılar. "Jasmin" serialı uğurlu oldu. Biri-birinin ardınca növbəti filmlərə dəvət aldım.

Hələlik sonuncu işim TNT kanalının çəkdiyi "Olqa" serialında ifa etdiyim azərbaycanlı sürücü obrazıdır. Çox maraqlı, yaddaqalan və xarakterik bir roldur. Çəkiliş zamanı zümzümə etmək lazım idi. Yadıma Müslüm Maqomayevin "Azərbaycan" mahnısı düşdü. Həmin mahnını filmdə səsləndirdim. Yaradıcı heyətin çox xoşuna gəldi. Serialda yaddaqalan məqamlardan biri də budur ki, mənimlə birlikdə KVN komandasının üzvü Vado Karovin də çəkilib".

Azərbaycan tamaşaçılarının yaddaşında yazıçı Anarın çəkdiyi "Uzun ömrün akkordları (Üzeyir ömrü)" filmində ifa etdiyi Ağalar Əliverdibəyov obrazı ilə qalan F.Hüseynov görkəmli rejissor Ədil İsgəndərovun tələbəsi olub. Teatr İnstitutunu bitirdikdən sonra sənət fəaliyyətini Bakıda davam etdirən aktyor 1990-cı illərdə Rusiyaya köçüb. Hazırda Moskvada yaşayan F.Hüseynov "Mosfilm" kinostudiyasında çalışır. "Mosfilm"in istehsal etdiyi maraqlı filmlər və seriallarda əsas obrazları canlandırır. 

O, Azərbaycanda “Tehran-43”, “Uzun ömrün akkordları”, “Qorxma, mən səninləyəm”, “İşgüzar səfər”, “Gümüş furqon”, “Məhəbbət əfsanəsi”, “Ünvansız eşq” və s. kimi film və televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. 

Son xəbərlər

Orphus sistemi