Monteneqronun səfiri Milli Dram Teatrında olub

Monteneqronun səfiri Milli Dram Teatrında olub Səfir teatrın direktoru İsrafil İsrafilovla görüşüb
İncəsənət
1 Aprel , 2015 16:04
Monteneqronun səfiri Milli Dram Teatrında olub

Bakı. 1 aprel. REPORT.AZ/ Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi və bu ölkənin Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevi qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Milli Dram Teatrının mətbuat xidməti yayıb.

Professor İsrafil İsrafilov səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb.

Direktor Azərbaycan teatrının tarixi haqqında məlumat verib, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən milli teatrın qətiyyətlə ölkənin hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.

Görüşdə Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrinin gerçəkləşdirilməsi ilə bağlı danışıqlar aparılıb.

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov əməkdaşlığın genişlənməsində qarşılıqlı qastrol səfərlərinin önəmini xüsusi vurğulayıb, həmçinin Monteneqro səhnəsində Azərbaycan müəlliflərinin, Azərbaycan səhnəsində Monteneqro müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasını təklif edib.

Səfir Branko Miliç və bu ölkənin Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev səmimi qəbul üçün minnətdarlıqlarını bildirib, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi