Mingəçevir teatrında "Son reportaj" tamaşasının premyerası keçirilib

Mingəçevir teatrında "Son reportaj" tamaşasının premyerası keçirilib Tamaşanın rejissoru Bəhram Osmanovdur
İncəsənət
26 Noyabr , 2015 16:57
Mingəçevir teatrında Son reportaj tamaşasının premyerası keçirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrında "Son reportaj" tamaşasının premyerası keçirilib.

"Report" xəbər verir ki, səhnə əsərinə tanınmış rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşa İlqar Fəhminin əsəri əsasında hazırlanıb. İ.Fəhminin bu pyesi ilk dəfə olaraq Mingəçevir Dövlət Dram Teatrında hazırlanıb və bu teatrın yaradıcılarından sayılan əməkdar artisti Akif Mirabov və Şıxı Yaqubovun sənət benefisinə çevirilib.

Tamaşanın rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatı Elnur Rəsulova məxsusdur. Təyyar və Seymur rollarını isə teatrın gənc aktyorları Asim Əmirov və Firuz Hacıyev ifa edib.

Əsərin maraqlı süjet xətti var. Qədim zamanlardan incəsənət bir sənət növü kimi yaranandan sonra bu sənətə meyl edənlər arasında daim rəqabət hökm sürüb. Teatr isə qüvvətli sənət olduğundan bu rəqabət həmişə ön planda olub və kimlərsə irəli çıxanda o biriləri onun əleyhinə min cür iftiralar yayaraq həmin sənətçini cəmiyyətdə hörmətdən salmağa çalışıblar. Kimlərsə öz imkanlarından istifadə edərək sənətdə birinci olublar, bu birincilikdən də həmin şəxsdən ətrafda yararlanaraq onu vəsf ediblər. Nəticədə isə itirən həqiqi sənət, qazanan isə deletantlar olub. Beləliklə, sənətdə yaxşı adam sayılan ortababat sənətçi ilə pis adam sayılan əsl ustad arasında gizli mübarizə gedib. Yazıçı və ssenarist İlqar Fəhminin qələmə aldığı “Son reportaj” pyesi məhz belə amillərə toxunur, hətta bəzən təkcə mənəvi yox, cismani ölümə də səbəb ola bilən yaxşı və pis sənətin doğurduğu faciələrə cavab tapmağa çalışır.

Son xəbərlər

Orphus sistemi