Mingəçevir Dövlət Dram Teatrı mətbuata müraciət edib

Mingəçevir Dövlət Dram Teatrı mətbuata müraciət edib "Bəzi jurnalistlər istədikləri materialları KİV-lərdə yayır, bununla da ayrı-ayrı şəxslərə, kollektivlərə mənəvi zərbə vurur"
İncəsənət
11 Fevral , 2016 14:42
Mingəçevir Dövlət Dram Teatrı mətbuata müraciət edib

Bakı. 11 fevral. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrı rəsmi açıqlama yayıb.

Teatrdan "Report"a daxil olan açıqlamada bildirilib ki, Mingəçevir Dövlət Dram Teatrı Azərbaycanda media ilə münasibətlərə xüsusi həssaslıqla yanaşan, media ilə əlaqələrə böyük əhəmiyyət verən mədəniyyət kollektivlərindən biridir: "Bir neçə ildir ki, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edərək, teatr haqqında media təmsilçilərinin bütün şifahi və yazılı suallarını müntəzəm olaraq cavablandırır, teatrın fəaliyyətinə dair tədbirləri, premyeraları KİV-lər vasitəsilə ictimaiyyətə çatdırır. Və bu əməkdaşlıqdan məmnunluq hissi duyur".

Müraciətdə qeyd olunub ki, son zamanlar Mingəçevir Dövlət Dram Teatrı haqqında bəzi KİV-lərdə teatra aidiyyəti olmayan materiallar dərc olunur: "Jurnalistlər öz peşə etikası prinsiplərinə əsasən, hər hansısa baş verən hadisənin təsvirini dəqiq və konkret faktlar əsasında verməyə diqqətlə yanaşmalı, peşələri ilə əlaqədar ünsiyyətdə olduqları adamların şəxsiyyətinə və ləyaqətinə hörmət etməli, onları incidə biləcək heç bir hərəkətə yol verməməlidirlər. Ayrı-ayrı adamların şəxsi həyatına müdaxilə, bu haqda faktların yayılması jurnalist üçün yolverilməz sayılır. Mətbuat işçisinin şayiələrə əsaslanıb hər hansı şəxs barədə məlumat hazırlamağa, onun nüfuzuna zərər gətirə biləcək ifadələr işlətməyə hüququ yoxdur. O, faktların təhrif olunmasına yol verməməli, onları şəxsən öz materiallarının taleyi və ya işlədiyi redaksiyanın mənafeyi naminə seçib istifadə etməməlidir. Ancaq, təəssüflə qeyd etməliyik ki, bəzi jurnalistlər bu prinsiplərə əməl etməyərək, istədikləri materialları KİV-də yayır, bununla da ayrı-ayrı şəxslərə, kollektivlərə, xüsusilə də Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivinin işinə mənəvi zərbə vurur, yaradıcı mühiti pozurlar.

Odur ki, xahiş edirik, gələcəkdə Mingəçevir Dövlət Dram Teatrı haqqında hər hansısa material dərc etmək arzusunda olduğunuzda, birbaşa teatrın rəsmi mövqeyini öyrənin". 

Son xəbərlər

Orphus sistemi