Milli Teatr Günü Gənc Tamaşaçılar Teatrında qeyd ediləcək

Milli Teatr Günü Gənc Tamaşaçılar Teatrında qeyd ediləcək Həmin gün “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası nümayiş etdiriləcək
İncəsənət
24 Fevral , 2016 14:21
Milli Teatr Günü Gənc Tamaşaçılar Teatrında qeyd ediləcək

Bakı. 24 fevral. REPORT.AZ/ Martın 10-u Azərbaycanda Milli Teatr Günü ilə əlaqədar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tədbir keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti yayıb.

Teatrın aktyorları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək tədbirdə 143 yaşlı Azərbaycan Milli Teatrı haqqında çıxışlar olacaq.

Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Elnur Kərimov, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcək.

Qeyd edək ki, 1873-cü il martın 10-da "Bakı realnı məktəbi"nin teatr həvəskarları truppasının ifasında M. F. Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub.

Məhz bu tamaşa ilə Azərbaycanda milli teatrının təməli qoyulub.

Son xəbərlər

Orphus sistemi