Yuxarı
    Bağlamaq

    Milli İncəsənət Muzeyində “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi açılıb

    Qadın xoşbəxtliyinin tərənnüm olunduğu sərgi martın 10-dək davam edəcək

    Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində Moskvada yaşayan həmyerlimiz, Rusiya Federasiyasının Əməkdar Rəssamı Əsgər Məmmədovun “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

    "Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş olunub.

    Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımlı sərginin əhəmiyyətindən danışıb, rəssam haqqında ətraflı məlumat verib. O deyib ki, 1945-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açan Əsgər Məmmədov Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1971-76-cı illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutu üzrə rejissorluq fakültəsində təhsil alıb və cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələnib. 1976-90-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb, 15-ə qədər sənədli, bədii və cizgi filminə quruluş verib. SSRİ Kinematoqrafiya Birliyinin üzvü seçilib.

    Gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan rəssam Mərzili kəndində şəxsi qalereyasını yaradıb, lakin 1993-cü ildə kəndin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 200-ə qədər rəsm əsəri yandırılaraq məhv edilib. Sonradan Moskvada fəaliyyətə başlayan rəssamın dəfələrlə müxtəlif ölkələrdə fərdi yaradıcılıq sərgiləri açılıb.

    Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov rəssamın zəngin yaradıcılığa malik sənət adamı kimi tanındığını söyləyib.

    Bildirilib ki, rəssam müasir dünyanın aparıcı rəssamlıq məktəblərindən biri olan Rusiya akademik rəsm məktəbinin yetirməsidir. Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda hiss olunur. Rəssamın bir çox əsərləri poeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasından yaranıb.

    Bildirilib ki, Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da var. O, poeziyanın və musiqinin vurğunudur. Rəssamlıq sənətinin portret, mənzərə və natürmort janrlarına yeniliklər gətirməyə səy göstərən Əsgər Məmmədovun ustalığı əsərlərində aşkar şəkildə görünür.

    Sonra Ə.Məmmədov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

    Daha sonra qonaqlar sərgiyə baxıblar.

    Ümumiyyətlə, sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunur. Bu əsərlər füsunkarlığı ilə diqqəti cəlb edir. Rəssamın yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Onun boyakarlıq sənətində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlənmiş rəsmləri var.

    Qadın xoşbəxtliyinin tərənnüm olunduğu sərgi martın 10-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi