Yuxarı
    Bağlamaq

    Milli Dram Teatrının tamaşası Kazanda 3 mükafata layiq görülüb

    İsrafil İsrafilov: İlahi oyun tamaşasını teatr aləmində yeni üslub adlandırdılar

    Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli dövlətlərin ənənəvi "Novruz 2015" festivalından yüksək mükafatla qayıdıb. Teatr festivalın 3 mükafatına layiq görülüb.

    Bu barədə "Report"a açıqlamasında Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib. 

    İyunun 1-dən 6-dək davam edən türkdilli dövlətlərin ənənəvi "Novruz 2015" festivalında Azərbaycanla yanaşı, Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edib.

    Akademik Milli Dram Teatrı Azərbaycanı "Kitabi Dədə-Qorqud" eposunun “Dirsə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanan "İlahi oyun" tamaşası ilə təmsil etdiyini deyən İsrafil İsrafilov səhnə əsərinin Kazan tamaşaçıları və festivalın qonaqları tərəfindən çox bəyənildiyini bildirib: "Festivalda "Kitabi-Dədəm Qorqud" dastanı ilə bağlı səhnə əsərlərinin göstərilməsi təklifini TÜRKSOY-a Azərbaycan tərəfi vermişdi. Türkdilli respublikalar TÜRKSOY-un xətti ilə "Kitabi Dədəm-Qorqud" boyları əsasında hazırlanan tamaşaları nümayiş etdirdilər. Amma festivalda üç respublika Şeksprin əsəri ilə çıxış etdi. Bizim teatrın tamaşası yaxşı mənada səs-küyə səbəb oldu. "İlahi oyun"u hamı bəyəndi. Bu tamaşanı teatr aləmində yeni üslub adlandırdılar. "Novruz 2015" festivalının tamaşaçıları və qonaqlarına qulaqcıq paylanmışdı və bizim tamaşamız daxil olmaqla bütün tamaşaları rus, ingilis dilində tərcümə ilə dinləmək imkanı var idi. Tamaşamız o qədər bəyənildi ki, tamaşadan sonra aparılan müzakirədə hamı bizim əsərdən danışırdı". 

    İ.İsrafilovun sözlərinə görə, "İlahi oyun" tamaşasının uğurlu nümayişindən sonra əsərin səhnələşdirilməsimdə iştirak edənlərə mükafat verilib. Ümumilikdə Milli Dram Teatrı 3 mükafat qazanıb. Fəxri fərman, TÜRKSOY-un təsis etdiyi "Türk dünyasının Ulu Qorqud atası" mükafatı və Kazan şəhərinin simvolu sayılan simvolik qazan heykəlciyi əsərin yaradıcı heyətinə təqdim edilib: "Biz fəxr edirik ki, Azərbaycan bayrağını yüksəyə qaldıraraq dalğalandıra bildik".

    Qeyd edək ki, “İlahi oyun” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçuları Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır. Tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan – Ata), Pərviz Məmmədrzayev (Ozan – Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) oynayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi