Yuxarı

Məşhur fransız aktyoru Jerar Depardye Stalin obrazını ifa edəcək

Keçmiş SSRİ-nin rəhbərinə həsr olunan filmi aktrisa Fanni Ardan çəkəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Məşhur fransız aktyoru Jerar Depardye keçmiş SSRİ-nin rəhbəri İosif Stalinin obrazını oynayacaq. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, İ.Stalinlə bağlı bədii filmi Jerar Depardyenin sənət yoldaşı, məşhur aktrisa Fanni Ardan ekranlaşdıracaq.

Filmin çəkilişlərinin nə zaman başlanacağı hələlik dəqiqləşməyib. Ekran əsəri Jan-Daniel Baltassanın "Stalinin divanı" psixoloji romanının motivləri əsasında çəkiləcək.

Roman 2013-cü ildə çapdan çıxıb və əsərdə Stalinin ömrünün son 3 ili əks olunub. 1950-ci ildə SSRİ-də baş verən hadisələrdən bəhs edilən romanda İ.Stalinin "Millət atası" obrazı önə çəkilib.

Filmin "Mosfilm" kinostudiyası ilə müştərək çəkiləcəyi gözlənilir. Belə ki, o dövrün geyimləri və dekoratsiyalarını hazırlamaq üçün "Mosfilm" kinostudiyasına sifariş verilib.

Xatırladaq ki, Fanni Ardan və Jerar Depardye uzun illərdir dostluq edirlər. Onların ilk tanışlığı 25 il əvvəl çəkilən "Qonşu qadın" filmində olub. Həmin filmdə iki sevgilini canlandıran aktyorlar, 2004-cü ildə yenidən bir araya gələrək teatrda və kinoda tərəf müqabili olub.

Bu yaxınlarda isə iki məşhur aktyor Moskvada çıxış edib. İnqrid Berqmanın xatirəsinə həsr edilən tamaşada tərəf müqabili olan ayrılmaz ikili yeni çəkiləcək filmdə birlikdə çalışacaqlarından məmnun olduqlarını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi