İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasının premyerası olub

İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasının premyerası olub Tamaşa dramaturqun 100 illik yubileyi münasibətilə hazırlanıb
İncəsənət
19 Mart , 2015 12:42
İlyas Əfəndiyevin Mənim günahım tamaşasının premyerası olub

Bakı. 19 mart. REPORT.AZ/ Martın 18-də Akademik Milli Dram Teatrında görkəmli dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasının premyerası olub.

"Report" xəbər verir ki, tamaşa dramaturqun 100 illik yubileyi münasibətilə hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

İkihissəli dramatik etiraf janrında olan bu tamaşada baş rol - Nurcahan rolunu Akademik Milli Dram Teatrının aktrisası, Respublikanın xalq artisti Məleykə Əsədova ifa edib.

Tamaşanın rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov əsərin onun üçün əlamətdar olduğunu deyib: "Bu əsər mənim həyatımda onunla əlamətdardır ki, İlyas Əfəndiyevin mənim quruluşumda səhnəyə qoyulan 10-cu tamaşasıdır. İlyas Əfəndiyev XX əsrin ən böyük yazıçılarından biridir. Onun sağlığında 8 tamaşasına səhnə həyatı verdim. Mərhum İlyas müəllim əsərlərinə qarşı çox diqqətli idi. İki əsərinə isə onun ölümündən sonra səhnə həyatı verdim. "Mənim günahım" əsərinin mövzusu bütün əsrlərə aid bir əsərdir. Çünki burada əsas xətt məhəbbətdir. Əsərin qəhrəmanı Nurcahan balerinadır. Onun xəyalları var, röyalarda uçur. Romantik xanımdır. Nurcahan sevir və illər ötdükcə sevgisinə cavab almır. Nurcahana deyəndə ki, "Dünyanı gözəllik xilas edəcək", o deyir ki, "Əgər o gözəlliyi biz qoruya bilsək".

"Mənim günahım" tamaşasında digər rolları xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov (Tahir), əməkdar artistlər Elşən Rüstəmov (Sahib), Əjdər Həmidov (Almurad), Hicran Nəsirova (Gözəl), Əsgər Məmmədoğlu (Ceyranzadə), aktyorlar Günel İmanova (Ayqız), Nigar Məmmədova (Ayqız), Elnar Qarayev (Xansu), Rüstəm Rüstəmov (Səxavət), Dilarə Nəzərova (Gözəl), Ləman İmanova (Natəvan), Cümşüd Zeynalov (Ceyranzadə) ifa edirlər.

Əsərdə Gözəl obrazını ifa edən əməkdar artist Hicran Nəsirova oynadığı obrazın əsl antipot olduğunu deyir:

"Gözəl, xarakterik obrazdır. Mən bu rola antipod adını vermişəm.  Bu xanım araqızışdıran, aravuran xarakterə sahib  qadındır. Əsər üzərində 6-7 aydır iş gedir. Amma ümumi məşqlərimiz 2 ay davam etdi. Teatr dili ilə desək 45 proqon tamaşaya əsəri təhvil verdik.  İfa etdiyim obrazı tamaşaçıların ixtiyarına verirəm. Ümid edirəm ki, bəyənəcəklər".

Tamaşanın premyerasında xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyev və ailə üzvləri iştirak ediblər. Elçin Əfəndiyev tamaşanın İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə hazırlandığını deyib və ümid edir ki, tamaşa tamaşaçılar tərəfindən bəyəniləcək:

""Mənim günahım" İlyas Əfəndiyevin pyesləri arasında xüsusi seçilir. Bu gün ilk dəfə bu tamaşaya baxacam. Rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin əsərlərinə dəfələrlə quruluş verib. Ötən il TÜRKSOY xətti ilə İ.Əfəndiyevin yubileyi dünyanın bir çox şəhərlərində qeyd edilib. Ankarada əsərləri tamaşaya qoyulub. Azərbaycanın bütün teatrları İ.Əfəndiyev dramaturgiyasına müraciət edir. Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevə xüsusilə doğma idi. Tamaşa İ.Əfəndiyevin Milli Dram Teatrında tamaşaya qoyulan 19-cu əsəridir. Bu tamaşanın da, uğurlu səhnə taleyi olacağına inanıram".

Qeyd edək ki, İlyas Əfəndiyevin “Mənim günahım” pyesi 1967-ci ildə qələmə alınıb. Elə həmin ildə də səhnəyə qoyulub. İlk tamaşası 1967-ci ildə oynanılan tamaşanın quruluşçu rejissoru Əşrəf Quliyev, quruluşçu rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Soltan Hacıbəyov olub. Bu quruluşda Nurcahan rolunu Leyla Bədirbəyli və Şəfiqə Məmmədova ifa edib.

Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı televiziya tamaşası hazırlanıb. Televiziya tamaşasına isə xalq artisti Amaliya Pənahova quruluş verib və tamaşada baş rolu ifa edib.

Teatrda isə yarım əsrə qədər zaman fasiləsindən sonra İlyas Əfəndiyevin 100 illik yubileyi ərəfəsində Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.

Son xəbərlər

Orphus sistemi