Mədəniyyət və Turizm Nazirliyi Formula 1 ilə bağlı təqdim olunacaq proqramları açıqlayıb

Mədəniyyət və Turizm Nazirliyi Formula 1 ilə bağlı təqdim olunacaq proqramları açıqlayıb İyunun 17-dən 19-dək paytaxtın mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək
İncəsənət
14 İyun , 2016 12:27
Mədəniyyət və Turizm Nazirliyi Formula 1 ilə bağlı təqdim olunacaq proqramları açıqlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-prisi ilə bağlı təqdim olunacaq proqramları açıqlayıb. 

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, iyunun 17-dən 19-dək baş tutacaq yarışlar günlərində paytaxtın mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək. 

Turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim ediləcək. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək.

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası nümayiş olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrında R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin “Qızıl toy” səhnə əsərləri ingilis dilində subtitrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək.

Azərbaycan Dövlət Rus Dram Teatrında iyunun 17, 18 və 19-da M.Lermontovun “Maskarad”, R.Kuninin “Həddindən ziyadə evli taksi sürücüsü” və P.Kalderon “Məhəbbətlə zarafat etmirlər” tamaşaları göstəriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tədbir günlərində “Çəkməli pişik” (Ş.Perro), “Mehmanxana sahibəsi” (K.Qoldoni), rus xalq nağılı “Möcüzəli turp” və “Pəri cadu” (Ə.Haqverdiyev) tamaşalarını təqdim edəcək.

Azərbaycan Dövlət Pantomima Teatrında isə iyunun 18-də Ç.Aytmatovun “Manqurt”, B.Xanızadənin “Fəlakət və insan”, B.Əhmədlinin “Son ştrix” tamaşaları nümayiş olunacaq.

Nizami Kino Mərkəzində Formula 1 ərəfəsində “Yalan illüziyası 2” bədii filminin və “Avropa çempionatı - 2016” oyunlarının böyük ekranda nümayişinə başlanıb.

Bundan əlavə, Formula 1 yarışı günlərində muzeylər də öz iş qrafiklərinə uyğun fəaliyyət göstərəcək. 

Son xəbərlər

Orphus sistemi